CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Köhnə avtomobillərə nə qədər pul ödəniləcək? Cərimələr konkretləşib

Nəqliyyat vasitəsini utilizasiyaya təqdim etmiş şəxs yerli istehsal nəqliyyat vasitəsi alarkən güzəşt və birdəfəlik ödəniş əldə edə biləcək.
Sputnik
BAKI, 3 iyun — Sputnik. Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin utilizasiyası zamanı nəqliyyat vasitələrinin qiymətləndirilməsi məsələsi müəyyən müzakirələrə səbəb olub. Məlumatlara görə, avtomobillərin utilizasiyası zamanı vətəndaşa ödəniləcək məbləğ 1500 manatdan başlayacaq. Artıq Azərbaycana idxal olunan köhnə avtomobillərdən alınacaq ilkin utilizasiya rüsumunun məbləği də açıqlanıb. "Təmiz Şəhər" ASC-nin eksperti Mirzə Laçınov iyunun 1-də Milli Məclisdə komitə iclasında çıxış edərək bildirib ki, istehsal müddəti 1-3 il olan avtomobillərin üçün utilizasiya haqqı nəzərdə tutulmayıb.

"Dörd ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Lakin bu rəqəmlər hələ ki, dəqiq deyil, bu istiqamətdə müzakirələr davam etdirilir və dəyişə bilər", - deyə o əlavə edib.

O, həmçinin qeyd edib ki, Azərbaycanda tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılmasına ehtiyac var.
"Hazırda tullantıların idarə olunması il bağlı qanunvericilik keçid mərhələdədir. Müasir dövrün tələbləri və bu sahədə gedən proseslər özlüyündə tələb edir ki, sözügedən qanunvericiliyə yenidən baxaq. Sadəcə bu, bir qədər vaxt tələb edən prosesdir. Biz istəyirik ki, tullantılara artıq bir tullantı kimi yox, iqtisadi dövriyyəyə qaytarılmalı olan bir xammal kimi baxıldığı yanaşmanı ortaya qoyaq. Ümumiyyətlə beynəlxalq təcrübədə gedən tendensiyalar da belədir", - deyə M.Laçınov əlavə edib.
Müdir müavini utilizasiyaya təqdim olunacaq avtomobillərin qiymətləndirilməsi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, utilizasiyaya təqdim olunacaq bütün nəqliyyat vasitələri tullantı olduğuna görə, avtomobilin markasının nə olmasının qiymətləndirmədə heç bir əhəmiyyəti olmayacaq.
Bəs görəsən, köhnə avtomobillərin utilizasiyasının həm cəmiyyət, həm də avtomobil sahibi üçün hansı faydaları olacaq?
Utilizasiya proqramının faydası
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyada avtomobillərin sayı artdıqca, istismar müddəti bitmiş avtomobillərin utilizasiyası da qlobal problemə çevrilib.
Rasim Səttarzadə
Onun sözlərinə görə, Avropa Birliyi ölkələrində, Yaponiya, Koreya və Çində bu sahədə ayrıca qanunlarla birbaşa tənzimlənmə mövcuddur. R.Sətttarzadə bildirib ki, ABŞ, Kanada, Avstraliyada utilizasiya zamanı bazar mexanizmi və ətraf mühitlə bağlı ekoloji qanunvericilik əsasında tənzimləmə üsulundan istifadə olunur.
Həmsöhbətimiz deyir ki, köhnə avtomobilləri istismardan çıxartmaqla ətraf mühitin çirklənməsini azaltmaqla yanaşı, həm də hərəkət təhlükəsizliyini artırmaq üçün bir çox ölkələrdə köhnəlmiş avtomobillərin rəsmi emal müəssisələrinə təhvil verilməsini stimullaşdıran qaydalar müəyyənləşdirilib:
"Bu qaydalara əsasən köhnə avtomobilin sahibinə kompensasiya ödənilir, yeni avtomobilin alınması üçün endirim kuponu verilir. Bu kuponla avtomobil sahibi yerli istehsala aid avtomobili endirimlə ala bilər. Bu, ölkədə istehsal olunmuş avtomobillərin satışını artıraraq dəstək xarakteri daşıyır. Hazırda havaya nəqliyyat sektorundan atılan tullantıların böyük hissəsi köhnə avtomobillər tərəfindən atılır. Avro-standartların tələbinə görə, nəqliyyat vasitələrinin istehsalı zamanı dəm qazı üçün qoyulmuş norma hər qət edilmiş kilometrə 0,5 qramdan 1 qramadəkdir. Köhnə avtomobillərdə bu tullantıların miqdarı dəfələrlə çoxdur".
Müşavirin sözlərinə görə, Azərbaycan iİqlim dəyişmələri ilə bağlı üzərinə müvafiq öhdəliklər götürüb.

"İstixana effekti yaradan karbon qazını nəzərə alsaq, yeni avtomobillərdə hər kilometrə 110-150 qram karbon qazı atılır. Köhnə avtomobillərdə isə hər kilometr üçün bu rəqəm 300-350 qramdır. 3000 ədəd köhnə minik avtomobilinin yenisi ilə əvəz edilməsi təxminən 6 min ton tullantının atmosferə atılmasının qarşısını almaq deməkdir. Bu isə istixana effekti yaradan qazların azaldılmasına səbəb olur", - deyə nazirlik rəsmisi vurğulayıb.

Avtomobilin qiymıtləndirilməsi necə aparılacaq?
R.Səttarzadə onu da bildirib ki, utilizasiya proqramına əsasən qanunvericilik aktlarına müxtəlif dəyişikliklər nəzərdə tutulub. Nəqliyyat vasitəsi sahiblərinin bütün növ nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı və minik avtomobillərinin idxalı zamanı utilizasiya haqqı ödəniləcək.
Onun sözlərinə görə, bu məbləğlərin toplanıldıqdan sonra güzəşt və birdəfəlik məbləğ kimi vətəndaşlara verilməsi nəzərdə tutulub.
R.Səttarzadə bildirib ki, nəqliyyat vasitəsini utilizasiyaya təqdim etmiş şəxs yerli istehsala aid nəqliyyat vasitəsi alarkən güzəşt və birdəfəlik ödəniş əldə edə biləcək. Bu məbləğ isə avtomobilin kateqoriytasından asılı olaraq təxminən 1500-3000 manat arasında dəyişir.

"Bu məbləğin artırılmasına gələckdə baxıla bilər. Nəqliyyat vasitəsinin utilizasiyasını müəyyən tələblərə cavab verən və reyestrdə qeydə alınmış utilizator həyata keçirəcək. Bu utiliziasiyada əldə olunmuş yararlı mal-material isə təkrar istifadəyə yönəldiləcək. Bununla da utilizasiya köhnə avtomobillərin xammal kimi təkrar istehsal edilərək dövriyyəyə buraxılmasına, beləcə tullantıların idarəolunmasına öz töhvəsini verəcək. Bu proqramın nəticəsində avtomobillərdən havaya atılan zərərli maddələr azalacaq. Ətraf mühitin keyfiyyəti yaxşılaşacaq. Köhnə avtomobillərin dövriyyədən çıxması avtomobil parkının yenilənməsinə, bununla da yol qəzaların sayının azalmasına gətirib çıxardacaq, avtomobil istehsalını stimullaşdıracaq. İstehsal üçün yeni xammal resursları yaranacaq", -deyə nazir müşaviri bildirib.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələlik utilizasiya edilmiş avtomobillər üçün ödəniləcək məbləğlər tam dəqiqləşməyib. Amma ekspert deyir ki, məbləğlər bazar qiyməti əsasında formalaşmalıdır:
"Burada söhbət metaloloma çevrilmiş, zərər verən nəqliyyat vasitələrindən gedir. Utilizasiya proqramı könüllü həyata keçiriləcək".
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov
Proses könüllü olacaq
Nəqliyyat məsələləri üzrə digər ekspert Elməddin Muradlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, açıqlananlar ilkin şərtlərdir. Bu məsələ barədə hələ ki, yekun qərar verilməyib, müzakirələr davam edir.

"Açıqlananlar ilkin rəqəmlərdir. Şərtlər qoyulacaq ki, ya avtomobil saz vəziyyətdə saxlanılmalıdır, yaxud da utilizasiya üçün təqdim olunmalıdır. Avtomobil parkının yenilənməsi üçün bu addım atılmalıdır. Ölümlər artır, qəzalar baş verir. Bütün bunlarda istismar müddətini başa vurmuş avtomobillərin payı çoxdur", - deyə Elməddin Muradlı bildirib.

Elməddin Muradlı
Köhnə avtomobillərin sayı
Məlumat üçün bildirək ki, Azərbaycanda 1 milyon 700 mindən çox avtomobil var və həmin nəqliyyat vasitələrinin 60-65 faizinin istehsal müddəti 20 ildən artıqdır. Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Elvin Hüseynzadə Milli Məclisdə iclas zamanı deyib.
Maşını utilizasiya edilmiş şəxs yenisini alanda ona güzəşt etməyən satıcı cərimələnəcək!
Onu da qeyd edək ki, nəqliyyat vasitəsi utilizasiya edilmiş şəxs yeni avtomobil alarkən ona güzəşt tətbiq etməyən satıcı cərimələnəcək.
Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə 4000 manat məbləğində cərimə ediləcək.
Eyni zamanda, layihəyə görə, "Tullantılar haqqında" qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərin nəqliyyat vasitələrinin satıcısı tərəfindən uçotunun aparılmamasına, yaxud təsdiqedici sənədlər barədə yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə 500 manat məbləğində cərimə olunacaq.
Həmçinin utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə edilən materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora "Tullantılar haqqında" qanunda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar.
Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı utilizasiya haqqı ödəniləcək!
Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək. Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfindən ödənilməsi gömrük orqanları tərəfindən təmin ediləcək.
Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" qanunda nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödəniləcək.
Utilizasiya haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən ediləcək.
Qeyd edək ki, bu qanun layihəsi qəbul olunacağı təqdirdə 2024-cü ilin 1 sentyabr tarixindən qüvvəyə minəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı ƏDV-dən azad olunacaq