BAKI, 3 iyun - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün IV ixtisas qrupu (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə iyunun 3-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib.
Bu barədə DİM məlumat yayıb.
İmtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq. Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları DİM-in saytında yerləşdirilib.
Xatırladaq ki, bu gün IV ixtisas qrupu (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
İmtahan keçirilən şəhər və rayonlarda 62 imtahan binası, 1111 imtahan zalı ayrılıb.
İmtahanların idarə olunmasına 62 ümumi imtahan rəhbəri, 183 imtahan rəhbəri, 1387 nəzarətçi – müəllim, 189 buraxılış rejimi əməkdaşı, 62 bina nümayəndəsi ayrılıb.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Bir nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb. Xatırladaq ki, girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan və ya imtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar.
İmtahanda 18 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İyunun 4-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.