İQTİSADİYYAT

Büdcədə uşağın anadan olmasına görə verilən müavinət üçün ayrılan vəsait artırılır

Layihəyə əsasən, uşağın anadan olmasına görə əhaliyə ödənişlər üzrə xərclərin 28 milyon manatdan 32 milyon manata qaldırılması, dəfn üçün müavinətə ayrılan xərclərin 41 milyon manatdan 37 milyon manata endirilməsi təklif edilir.
Sputnik
BAKI, 3 iyun — Sputnik. Dövlət büdcəsində uşağın anadan olmasına görə verilən müavinət üçün ayrılan vəsait artırılır, dəfnə görə verilən müavinət üçün ayrılan vəsait isə azaldılır.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, uşağın anadan olmasına görə əhaliyə ödənişlər üzrə xərclərin 28 milyon manatdan 32 milyon manata qaldırılması, dəfn üçün müavinətə ayrılan xərclərin 41 milyon manatdan 37 milyon manata endirilməsi təklif edilir.
Layihədə qeyd edilib ki, 2023-cü ilin yanvar ayının 1-dən uşağın anadan olmasına görə müavinətin məbləği 300 manatdan 500 manata qaldırılıb. Bu növ müavinətlər üzrə Fondun büdcəsində nəzərdə tutulmuş məbləğin 4 milyon manat artırılması zərurəti meydana çıxıb.
Eyni zamanda pandemiyanın təsirlərinin minimuma enməsi nəticəsində Fondun büdcəsinin xərc istiqamətlərindən biri olan dəfn üçün müavinətlərin məbləğinin 4 milyon manat azaldılmasına imkan verməkdədir.
DSMF-nin gəlir və xərclərinin hər biri 4 milyon manat artırılır
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 4,0 milyon manat (0,1 faiz) artırılmaqla 6 milyard 268,0 milyon manat təşkil edəcək.
Uşağın anadan olmasına görə müavinət
Uşağın anadan olmasına görə birdəfəlik müavinət şəxsin müraciəti olmadan hüququ yaranan an proaktiv qaydada təyin olunur. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.