DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-ın milli borcu kəllə-çarxa çıxıb: Bayden iqtisadi çöküşün önünün kəsildiyini düşünür

Bayden deyib ki, danışıqlar zamanı heç bir tərəf sonda istədiyini əldə etməsə də, iqtisadi çöküş və böhranın qarşısı alınıb.
Sputnik
BAKI, 3 iyun — Sputnik. ABŞ-da milli borcun tavanı ilə bağlı əldə edilən razılaşma sayəsində "iqtisadi böhranın və çöküşün" qarşısı alınıb.
Bu barədə ABŞ prezidenti Co Bayden məlumat verib.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Bayden büdcə sazişinin təsdiqinin son dərəcə vacib olduğunu vurğulayıb. O deyib ki, danışıqlar zamanı heç bir tərəf sonda istədiyini əldə etməsə də, iqtisadi çöküş və böhranın qarşısı alınıb.
Xatırladaq ki, iyunun 1-də defoltun qarşısını almaq üçün qanun layihəsi ABŞ Senatı tərəfindən təsdiqlənib. Mayın 31-də o, Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.
Qeyd edək ki, ABŞ hökumətinin borc tavanının 2025-ci il yanvarın 1-dək artırılması ilə bağlı razılaşmalar ötən həftənin sonunda əldə edilib. Qanun layihəsi 2024-cü maliyyə ilində müdafiə üçün 886 milyard dollar, veteranların sağlamlığı üçün 121 milyard dollar və digər qeyri-müdafiə proqramları üçün 637 milyard dollar ayıracaq.
Bu ilin yanvar ayında ABŞ qanunla 31,4 trilyon dollar olaraq müəyyən edilmiş dövlət borcunun yuxarı həddini keçib. Bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlərə başlayıb. Son aylarda ABŞ administrasiyası Konqresi milli borc tavanını artırmağa çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.