BAKI, 2 iyun — Sputnik. İyunun 15-də 2022-2023-cü tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu başa çatacaq.
Bu barədə Sputnik Azərbaycan-a Təhsil Tələbə Kredit Fondundan xəbər verilib. Bildirilib ki, yaz semestri üçün təhsil tələbə krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər.
Müraciətlər bayram günləri və həftəsonu da daxil olmaqla hər gün qəbul olunur.
Qeydiyyat yekunlaşdıqdan sonra da müraciətlərin emalı davam edəcək.
Qeyd edək ki, 2022-2023 tədris ilinin payız semestrində ümumilikdə 5560 tələbə təhsil kreditindən yararlanıb. Onlardan 2120-si sosial, 3440-ı standart kreditdir.
Xatırladaq ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fonduna bu il 8 milyon manat vəsait ayrılmaqla Fondun dövlət büdcəsi hesabına formalaşan resurs zərfi 110 milyon manata çatdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.