BAKI, 2 iyun — Sputnik. NATO xarici işlər nazirlərinin Osloda keçiriləcək iclasında qəbul ediləcək qərarlar Ukrayna məsələsində Rusiya ilə birbaşa qarşıdurmaya səbəb olmamalıdır. Bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto deyib.
"Ümid edirik ki, bu gün heç kim Rusiya ilə NATO arasında birbaşa qarşıdurmadan yayınmağa imkan verən hazırkı qərarı ləğv etmək istəməyəcək", - Siyarto sosial media hesabında yazıb.
Osloda keçiriləcək qeyri-rəsmi görüşdə NATO ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərlərinin Ukraynaya hərbi yardım, müdafiə xərcləri, NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq kimi məsələləri müzakirə edəcəyi gözlənilir.