BAKI, 2 iyun — Sputnik. Rusiya və Çin arasındakı tərəfdaşlıq təkcə iki ölkəyə deyil, bütün dünyaya fayda verir. Bunu Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukrayna böhranının həllinə yönəlmiş Avropa turunun yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
"Rusiya və Çin arasında strateji tərəfdaşlığın inkişafı təkcə iki ölkənin xalqlarına deyil, bütün dünya üçün faydalıdır. Bu məqamda bizim yanaşmamız hər yerdə bloklaşan və hegemon hərəkətlər edən bəzi ölkələrin soyuq müharibə zehniyyətindən fərqlənir", - Li Hui qeyd edib.
O eyni zamanda bildirib ki, Çin Ukrayna böhranının siyasi həllində fəal rol oynamaq üçün bütün tərəflərlə işləməyə davam edəcək.
Ötən həftə Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Avropa turnesini başa vurub. O, bu səfər zamanı Ukrayna, Polşa, Fransa, Almaniya və Belçika, Rusiyaya səfər edib və burada Ukrayna böhranının siyasi həlli üçün Çinin sülh təşəbbüsünü müzakirə edib.
Fevralda Çin hakimiyyəti Moskva ilə Kiyev arasında münaqişənin həlli üçün öz planını təklif etmişdi. Plan atəşkəs çağırışları, təhlükəsizlik sahəsində bütün ölkələrin qanuni maraqlarına hörmət, Ukraynada humanitar böhranın həlli kimi 12 bənddən ibarətdir.
Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Li Hui Çinin Rusiya da daxil olmaqla Ukrayna böhranı ilə bağlı bütün tərəflərlə dialoqu gücləndirəcəyini və bunun siyasi yolla həlli üçün real səylər göstərəcəyini bildirib.
Çin nümayəndəsi həmçinin qeyd edib ki, Ukrayna böhranı məsələsində Çin həmişə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl edib, obyektiv və ədalətli mövqedən çıxış edib, sülh danışıqlarına təkid edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.