SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN: İranda həbs olunan Fərid Səfərli ilə görüş keçirilməsi üçün tədbirlər görülür

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi bildirib ki, çoxsaylı müraciətlərdən sonra, İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq, ona qarşı cinayət işi başladıldığını bildirib.
Sputnik
BAKI, 2 iyun — Sputnik. Azərbaycan İrana nota verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib.
Tərəfimizdən 9 mart tarixli mətbuat açıqlamasında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni 9 mart tarixindən etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İran tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə, müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlanıb.
Ayxan Hacızadə
O bildirib ki, çoxsaylı müraciətlərdən sonra, İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq, ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə, F.Səfirlinin ailəsinə müvafiq məlumat verilib.
Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən, həm Xarici İşlər Nazirliyi tərəfindən, həm də Təbrizdəki Baş konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılmaqdadır.
Bununla yanaşı, F.Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.