MƏDƏNİYYƏT

Sevinc Nuruqızı: "Uşaq ədəbiyyatı bütün dövrlərdə ən az inkişaf edən janrdır"

Bu gün gənc valideynlər uşaqların şeir əzbərləməsini vacib hesab etmirlər. Rafiq müəllimin sözlərinə görə, uşaqlar 6-7 yaşlarından şeir əzbərləməyi öyrənməlidirlər
Sputnik
BAKI, 1 iyun — Sputnik. Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Uşaqların Beynəlxalq Müdafiəsi gününün 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Azərbaycanda peşəkar uşaq ədəbiyyatının formalaşması 20-ci əsrin əvvəllərinə təsadüf edir. Son illər uşaq ədəbiyyatına meyl göstərən yazıçıların sayı artıb. Onlar ədəbi cərəyanlara sadiqlikləri ilə yanaşı, öz dəst-xətti ilə seçilməyə, günün tələblərinə uyğun əsərlər yaratmağa çalışırlar. Buna rəğmən, çatışmazlıqlar da var.
Tanınmış uşaq yazarı, şairə Sevinc Nuruqızı və "AltunKitab" nəşriyyatının direktoru Rafiq İsmayılovla birlikdə Azərbaycanda uşaq ədəbiyyatının problemləri, eləcə də dərsliklərdə dərc olunan əsərlərin vəziyyəti barədə həmsöhbət olduq.
Sevinc Nuruqızı bildirir ki, uşaqları ədəbiyyat böyüdür. Əgər biz uşağa normal uşaq ədəbiyyatı verə biliriksə, o hərtərəfli, sabaha hazır böyüyəcək: "Təəssüf ki, bu gün ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatında da problemlər var. Amma buna baxmayaraq, uğurlarımız da az deyil. Uşaq ədəbiyyatı bütün dövrlərdə ən az inkişaf edən janrdır. Tarixə nəzər salsaq, görərik ki, Azərbaycan uşaq ədəbiyyatının intibah dövrünü görə bilmirik. Digər dövrlərə nisbətən, bu gün nisbətən irəliləyiş var".
Dərliklərdə dərc olunan şeir və hekayələrdən söz açan Rafiq İsmayılov bildirir ki, hər bir yazar istəyər ki, onun əsəri dərslikdə dərc olunsun: "Dərslik 4 il üçün buraxılır. Ondan sonra təkmilləşdirilmə gedir. Dörd il ərzində yarım milyon uşaq oxuyur. Özü də digər uşaq kitablarına nisbətən daha ciddi oxunur. Dil dərsliklərinin əsas məqsədi uşağın nitq bacarıqlarını inkişaf etdirməkdir. Bu da mətn üzərindən həyata keçirilir".
Rafiq müəllimin sözlərinə görə, uşaqlar 6-7 yaşlarından şeir əzbərləməyi öyrənməlidirlər: "Vacib deyil ki, hansısa dahi şairin ciddi bir əsərini əzbərləsin. Əsas odur ki, uşaq həmin yaşda qafiyə tutmağı bacarsın. Şeir həm də uşağın yaddaşının inkişafına müsbət təsir edir. Eyni zamanda, söz ehtiyatının artırılmasına səbəb ola bilər. Amma bu bir nömrəli məqsəd deyil. Bir nömrəli məqsəd idrak məsələsidir. Hər bir şeir bir fikri ehtiva edir".
Sevinc xanım bildirir ki, onun əsərləri dərsliklərə salınıb. Xanım yazar deyir ki, dərsliyi böyük uşaq kütləsi oxuyur və müəllifi daha çox dərslik vasitəsi ilə oxuyurlar: "Məsələn, "Ağabəyim ağa" adlı hekayəm dərsliyə salınıb. Mən rayonlara görüşəndə gedəndə deyirlər ki, Sevinc Nuruqızı, Ağabəyim ağa gəlib. Yəni, uşaqlar dərliklə daha çox tanıyırlar. Hər bir müəəlifin arzsusudur ki, dərsliklərə düşsün. Çox sağ olsun dərslik müəllifləri ki, məni unutmayıblar".
Nuruqızı əlavə edir ki, şeir bu dövr üçün o qədər də sevilən janr olmasa da uşaqlar üçün faydalıdır: "Şeir uşağın dilini, yaddaşını zənginləşdirən çox qısa və yadda saxlanılan janrdır. Şeir informasiyanı daha tez ötürə bilir. Doğrudur, mən şeirlərin əzbərlənməsinin əleyhinəyəm. Şeir əzbərlənmək üçün deyil, yadda qalmaq üçündür".