BAKI, 1 iyun — Sputnik. Stokholm tərəfindən yeni antiterror qanunvericiliyi qəbul edildikdən sonra Qərb ölkələri İsveçin NATO-ya daxil olmasını sürətləndirmək üçün Ankaraya təzyiqləri artırıb.
"Financial Times" bu barədə yazıb.
Nəşr çərşənbə axşamı İsveçə səfəri zamanı ABŞ dövlət katibi Entoni Blinkenin sözlərini xatırladıb. Blinken İsveçin NATO-ya üzvlüyü məsələsində irəliləyişin vaxtının çatdığını və bunun alyansın Vilnüsdə keçiriləcək 11 iyul sammitindən əvvəl baş verməsini arzuladığını söyləyib.
Eyni zamanda, ekspertlər Türkiyənin indiyədək Konqres tərəfindən əngəllənən F-16 qırıcılarının alınması ilə bağlı ABŞ-la müqavilə bağlamaq istəyi səbəbindən prosesin dalana dirəndiyini də istisna etmirlər.
Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun Türkiyə araşdırma proqramının direktoru Soner Çağaptay hesab edir ki, ABŞ konqresmenləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan İsveçin NATO-ya daxil olmasını sövdələşmə əldə edilməmişdən əvvəl tələb edəcəklər ki, bu da Ankaranın müqavimətinə səbəb ola bilər.
Xatırladaq ki, İsveçin Şimali Atlantika Alyansına qoşulması prosesi Türkiyədə terrorda ittiham olunan şəxslərin ekstradisiyası ilə bağlı tələblərə əməl edilməməsi ilə əlaqədar Türkiyə tərəfi tərəfindən əngəllənmişdi.
Yeri gəlmişkən, Amerika lideri Co Bayden bildirib ki, o, Prezident Ərdoğanı yenidən ölkə başçısı seçilməsi münasibətilə nəinki təbrik edib, həm də onunla bir sıra strateji məsələləri müzakirə edib. Amerika Birləşmiş Ştatlarının Prezidenti "daha ətraflı söhbətin" gələn həftə baş tutacağını dəqiqləşdirib. Bundan əlavə, onun sözlərinə görə, Vaşinqton Amerikanın F-16 qırıcıları məsələsində Ərdoğanla "hələ də işləmək istəyir".
Bundan əvvəl Ərdoğan bildirib ki, Türkiyə İsveçi NATO-nun bir hissəsi kimi görməyə hazır deyil. O qeyd edib ki, alyansa daxil olan ölkənin terrorla mübarizə məsələsində qəti mövqeyi olmalıdır.