TƏHLİL

Kişinyov görüşü sülh sazişi üçün son dayanacaqdır? - ŞƏRH

Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderinin iştirakı ilə baş tutmuş üçtərəli görüşdən sonra bütün diqqətlər Kişinyov görüşünə yönəlib.
Sputnik
BAKI, 1 iyun — Sputnik. Avropa İttifaqı mayın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolts, eləcə də Avropa Şurasının sədri Şarl Mişel arasında Avropa siyasi toplantısının Kişinyov sammiti çərçivəsində "böyük görüş"ə hazırlaşır. Bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Şarl Mişel məlumat verib.
Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderinin iştirakı ilə baş tutmuş üçtərəli görüşdən sonra bütün diqqətlər Kişinyov görüşünə yönəlib. Ekspertlərin bu görüşdən gözləntiləri çoxdur. Qeyd etmək lazımdır ki, görüşdən gözləntilərin artdığı məqamda Azərbaycan-Ermənistan sərhədində, o cümlədən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdən Azərbaycan ordusunun bölmələri iki gün ardıcıl şəkildə atəşə tutulub.
Görünən odur ki, Kişinyov görüşü öncəsi silahların işə düşməsi görüşdən nəticə çıxmasını istəməyən qüvvələrin maraqlarını uyğun gəlir.
Sputnik Azərbaycan Azərbaycan və Ermənistan liderlərinin iyunun 1-nə planlaşdırılan görüşündən gözləntilərlə bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Avropanın təhlükəsizliyi baxımından bu toplantı xüsusi məqamlarla yadda qala bilər
Politoloq İlyas Hüseynov bildirib ki, iyunun 1-də baş tutacaq Avropa Siyasi Birliyinin toplantısına böyük maraq müşahidə edilir: "Avropanın təhlükəsizliyi baxımından bu toplantı xüsusi məqamlarla yadda qala bilər. Qeyd etmək lazımdır ki, bu görüş Rusiya və Belarusun iştirakı olmadan baş tutacaq. Digər tərəfdən bu toplantıda Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri də müzakirə olunacaq. Təəssüf ki, bundan öncə Moksvada keçirilmiş görüşdə gözlənilənlərin əksinə olaraq hər hansı sənəd imzalanmadı".
Kişinyov görüşü Brüsel formatının davamı kimi baş tutur
Politoloq vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi Moskvada da özünü göstərdi: "Bəzi ehtimallara görə, əldə olunmuş razılıqların hüquqi zəmində möhkəmləndirilməsi Moldovada keçiriləcək görüşdə baş tuta bilər. Bunun üçün xüsusi hazırlıqlar da gedir. Qeyd etmək istərdim ki, artıq Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin xarici siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib. Artıq bu da bir ehtimal formalaşdırır ki, bu görüş Brüsel formatının davamı kimi baş tutur. Çünki əksər hallarda Armen Qrioqryan və Hikmət Hacıyev arasında keçirilən görüşlər Brüssel formatının tamamlayıcısı kimi keçirilir.
Kişinyov görüşündən gözləntilər çoxdur
"İstənilən halda regional təhlükəsizlik məsələləri hər iki tərəf üçün gündəlikdə prioritet təşkil edir. Kişinyov görüşünü əlamətdar edə biləcək səbəblərdən biri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan edərək getməsidir. Moskva görüşündə buna nail olunmaması Ermənistan tərəfindən regionun təhlükəsizlik arxitekturasına vurulan zərbə kimi qiymətləndirilir. Kişinyov görüşündən isə gözləntilər çoxdur. Bura nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, anklavlar məsələsi, ümumilikdə sülh sazişinin bir hissəsinin razılaşdırılması baş verə bilər. Lakin bu baş versə, Rusiya tərəfinin reaksiyasının nə olacağı maraqla gözlənilir", -deyə İlyas Hüseynov qeyd edib.
Cənubi Qafqaz geosiyasi qarşıdurmanın mərkəzinə çevrilə bilər
Onun sözlərinə görə, hazırda Qərblə Rusiya arasında gərginliyin ən yüksək səviyyədə olduğu bir vaxtda, Cənubi Qafqaz da bu geosiyasi qarşıdurmanın mərkəzinə çevrilə bilər: "Bu baxımdan Qərb regionda gücünü artırmaq üçün incə diplomatik gedişlər etməyə çalışacaq. Tərəflər arasında mövqelərin yaxınlaşması Qərb müstəvisində baş verir, hüquqi zəmində addımların atılması isə Rusiyada reallaşır. Düşünürəm ki, bu mövcud siyasi xətt Moldovanın paytaxtı Kişinyovda da davam etdiriləcək".
Ermənistan tərəfindən törədilən bütün təxribatların arxasında sülh müaviləsini imzalamaq niyyəti dayanır
Millət vəkili Arzu Nağıyev bildirib ki, Kişinyovda keçiriləcək görüş öncəsi yenə Ermənistan tərəfindən absurd bəyanatlar səsləndirilir, atəşkəs pozulur və görünən odur ki, sabahkı görüşdə sülh müqaviləsi imzalanmayacaq: "Ermənistan tərəfindən törədilən bütün təxribatların arxasında sülh müaviləsini imzalamaq niyyəti dayanır. Onu da eyd etmək lazımdır ki, may ayı ərzində aparılan danışıqlarda müəyyən razılıqlar əldə olunub. Lakin qondarma status məsələsi ilə bağlı iddialar, eyni zamanda kommunikasiyalarla bağlı məsələlər həllini tapmayıb".
Paşinyan hakimiyyəti ictimaiyyəti sülh sazişinə hazırlayır
Millət vəkili qeyd edib ki, Paşinyan hakimiyyəti ictimaiyyəti sülh sazişinə hazırlayır, ancaq buna qarşı kəskin daxili müqavimətin olacağı da bəllidir: "Ermənistanda müharibədən sonra keçən hər günün onların əleyhinə işlədiyini dərk edənlər az deyil. Mövcud Ermənistan hakimiyyəti bunu görür və nisbətən əlverişli şərtlərlə sülhə nail olmaq istəyir. Azərbaycanın qoyduğu və tələb etdiyi sülh şərtləri isə beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Status məsələsi bitib. Bunu gündəmə gətirməyin əbəs olduğunu Paşinyanın dediklərindən də görə bilərik. Paşinyan Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Ermənistan cəmiyyətində bu fikir kəskin qarşılansa da, bu reallığı Ermənistan cəmiyyəti qəbul etməli olacaq. Azərbaycan Qarabağdakı erməni əsilli sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün addımları atmağa hazırdır"