TƏHSİL

“Son zəng” 14 iyunda keçiriləcək, 102 minə yaxın şagird məzun olacaq

Ümumi təhsil müəssisələrində 100084, digər qurumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrində 727 nəfər məzun olacaq.
Sputnik
BAKI, 31 may — Sputnik. “Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə keçiriləcək. Bununla bağlı, hər il olduğu kimi, Elm və Təhsil Nazirliyinin müvafiq tapşırıqları olacaq.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100084, digər qurumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrində 727 nəfər məzun olacaq (APA).
Məlumat üçün bildirək ki, "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il, 66 nömrəli qərarına əsasən ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə­ləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır.
Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.
Qeyd edək ki, hazırda dünya ölkələrində tədris ilinin başlanma və başa çatma müddəti fərqlidir. Məsələn, qonşu Rusiyada dərslər sentyabrın 1-də başalyıb mayın 31-də başa çatır. Türkiyədə isə dərslər sentyabrın 12-də başlayıb iyunun 16-da bitir.