DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyəyə təzyiqləri artırır

Nəşr sübut kimi ABŞ-ın dövlət katibi Entoni Blinkenin çərşənbə axşamı İsveçə səfəri zamanı verdiyi açıqlamaları göstərir.
Sputnik
BAKI, 31 may — Sputnik. Stokholm tərəfindən yeni antiterror qanunvericiliyinin qəbulundan sonra Qərb ölkələri İsveçin NATO-ya daxil olmasını sürətləndirmək üçün Ankaraya təzyiqləri artırıb.
Bu barədə "Financial Times" qəzeti yazıb.
Nəşr sübut kimi ABŞ-ın dövlət katibi Entoni Blinkenin çərşənbə axşamı İsveçə səfəri zamanı verdiyi açıqlamaları göstərir. "İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyişin vaxtı çatıb, biz istərdik ki, bu, NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl baş versin", - o deyib.
Qəzet həmçinin NATO-nun baş katibi Yens Stoltenberqin çərşənbə axşamı Osloya səfəri zamanı verdiyi açıqlamalara da istinad edərək yazıb ki, alyans ölkələri Stokholmu mümkün qədər tez NATO-ya üzv etmək üçün hər cür səy göstərirlər.
“Financial Times”a İsveç rəsmisi deyib:
"Antiterror qanunvericiliyi bizə ümid verir ki, vəziyyət indi həll olunacaq". Ekspertlər isə Türkiyənin indiyədək Konqres tərəfindən əngəllənmiş F-16 qırıcıları almaq üçün ABŞ-la müqavilə bağlamaq istəyi səbəbindən prosesin ləngiyə biləcəyini istisna etmirlər. Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun Türkiyə Araşdırmalar Proqramının direktoru Soner Çağaptay hesab edir ki, ABŞ konqresmenləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan İsveçin NATO-ya üzvlüyünə razılıq verməsini tələb edəcəklər ki, bu da Ankaranın müqavimətinə səbəb ola bilər.
İsveç hakimiyyəti mayın əvvəlində terrorla mübarizə qanununa düzəlişləri təsdiqləyib. Düzəlişlərdə ekstremist təşkilatlarda iştirakda təqsirli bilinən şəxslərin həbs müddətinin artırılması, həmçinin terrorizmin maliyyələşdirilməsinə və təbliğinə qadağa qoyulması təklif edilib. Dəyişikliklər iyunun 1-dən qüvvəyə minməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.