BAKI, 31 may — Sputnik. “Enerji təhlükəsizliyi təkcə tədarük istiqamətlərinin deyil, həm də mənbələrin şaxələndirilməsi deməkdir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı deyib.
"İndi hamı açıq şəkildə görür ki, biz bunun hər ikisini həyata keçiririk. Biz həmçinin ölkələr, şirkətlər, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqda çox maraqlıyıq", - Prezident İlham Əliyev deyib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında iştirak edir.
Dövlətimizin başçısı tədbirdə çıxış edir.
Qeyd edək ki, Bakı şəhəri 31 may-3 iyun tarixlərində üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edəcək.
Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cahid Mikayılov Bakı Enerji Həftəsi ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 28-ci Bakı Enerji Forumu keçiriləcək. "Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində keçiriləcək.