BAKI, 31 may — Sputnik. Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur. Taksilərin tıxaca və ekoloji vəziyyətə təsiri yalnız sayın çoxluğu ilə məhdudlaşmır. Bu, həm də gündəlik səyahətlərin sayı ilə bağlı bir məsələdir. Belə ki, fərdi maşınlar gündə ortalama 2-2,5 bir ünvandan digərinə gedirlərsə, taksilərin hər biri təxminən 20-dən çox müştəriyə xidmət edir. Bu baxımdan 10 min taksi şəhərdə 100 min fərdi maşın effektini yaradır.
Bunu Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev APA-ya müsahibəsində deyib.
O bildirib ki, taksilərin sayının normadan çox olması ictimai nəqliyyata da təsirsiz ötüşməyib: "Məsələn, 2022-ci ildə metrodan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 12% aşağı olub. Analoji vəziyyəti avtobusa da aid edə bilərik. Qeyd olunan dövrdə təkcə Bakı şəhərində avtobusla daşınan sərnişinlərin sayı 35% azalıb".
“Bolt”, “Uber”, “Yango” ilə bağlı problemlər necə həllini tapacaq?
Nazir bildirir ki, “Bolt”, “Uber”, “Yango” kimi şirkətlər də bu sahədə olan problemin böyüməsində mühüm rol oynadı: "Bu şirkətlər hələ də qanunvericilikdə olan boşluqlardan istifadə edərək istər sərnişinlərin, istərsə də sürücülərin narazılığına səbəb olan neqativ halların yaranmasına bilavasitə yol açır. Belə ki, adıçəkilən şirkətlərdə çalışan sürücülərlə əmək müqavilələrinin bağlanmaması, sürücülərin bəzən 14-16 saat sükan arxasında olması, bunun müqabilində isə gəlirlərinin çox aşağı olması kimi neqativ hallar müşahidə olunur. Eyni zamanda, bu şirkətlər tərəfindən vətəndaşların fərdi məlumatlarının mühafizəsinə dair mövcud qanunvericilik normaları da kobud şəkildə pozulur".
Taksi fəaliyyəti göstərmək üçün xüsusi icazə tələb olunmur
Nazir bildirir ki, 2015-ci ildən etibarən avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımaların liberallaşdırılması, daşıyıcılara daha əlverişli şərait yaradılması məqsədilə “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Fərmana əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına lisenziya alınması tələbi ləğv edilib: "Bu gün taksi fəaliyyəti göstərmək üçün xüsusi icazə tələb olunmur. Bu baxımdan nə taksi parkları, nə də aqreqator şirkətlərə münasibətdə hər hansı bir tələb qoyulmur, sürücüyə və nəqliyyat vasitəsinə qanunvericilikdə olan minimal tələblər isə yerinə yetirilmir".
"Statistikaya əsasən ölkəmizdə xidmət göstərən taksilərin 40%-dən çoxunun yaşı 15-dən yuxarıdır. Avtomobil parkının isə 20%-dən çoxunun yaşı 20-dən yuxarıdır. Bu, ölkəmiz üçün istər ekoloji tələblərin pozulması, istərsə də təhlükəsizlik baxımından qəbulolunmaz risklərdir", - deyə nazir bildirib.
İslahatlar aparılır
Nazir bildirib ki, artıq bir müddətdir ki, mühüm islahatlarla bağlı planlama aparılır: "Taksi fəaliyyətinin tənzimlənməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması istiqamətində mühüm hazırlıq işləri görülməkdədir. Çox yaxın zamanda qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi gözlənilir. Bu dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına gətirib çıxaracaq. Bu dəyişikliklər qəbul edildikdən sonra qlobal şirkətlərin ölkə qanunlarına riayət etməsini təmin etmək üçün müvafiq alətlər formalaşacaq.
Buna paralel olaraq avtobus xətlərinin və metronun fəaliyyətinin optimallaşdırılması, texnoloji həllərin tətbiqi, mikro mobillik vasitələrinin, o cümlədən piyada və velosipedlə hərəkətin təşviqi kimi məsələlərə baxılır".
"Taksi xidmətlərindən istifadə zamanı səfərlərin təxminən 35%-i 1.5-3 kilometrə qədər məsafədə baş tutur. Hesab edirik ki, piyadalar üçün uyğun infrastruktur olsa, istər piyada, istər skuter, istərsə də velosiped vasitəsilə bu məsafəni taksidən daha qısa müddətə qət etmək mümkündür. Başqa bir nümunə: şəhərin əsas küçələrində avtobuslar üçün xüsusi xətlərin ayrılması ictimai nəqliyyatı vətəndaşlar üçün daha cəlbedici edəcək. Beləliklə, bütün bu məsələlərə sistemli yanaşma sərgiləmək məqsədilə nazirlik tərəfindən şəhər mobilliyi planı hazırlanmaqdadır. Planda mobilliyə dair bütün məsələlər öz əksini tapacaq", - deyə nazir bildirib.
Nazir xüsusi olaraq onu da vurğulayıb ki, plan çərçivəsində şəhər mobilliyi, yəni nəqliyyat infrastrukturunun tikintisi, nəqliyyat vasitələrinin istismara verilməsi, eləcə də yol hərəkətinin təşkili haqqında qərarların böyük verilənlərin təhlili və elmi əsaslandırılma əsasında verilməsi nəzərdə tutulub: "Belə ki, müxtəlif mənbələrdən əldə edilən məlumatlar əsasında özündə Bakı şəhərinin bütün yollarını, ictimai iaşə obyektlərini, təhsil, səhiyyə ocaqlarını əks etdirən şəhərin “rəqəmsal əkiz”i yaradılmaqdadır. Bu proqram təminatı əhalinin gündəlik axınını müşahidə etməyə, nəqliyyata olan tələbin hesablanmasına imkan yaradacaq. Beləliklə, bu alət nəqliyyatla bağlı veriləcək istənilən qərarın təsirini öncədən proqnozlaşdırmağa kömək edəcək. Belə yanaşma həm büdcə vəsaitlərinin səmərəli istifadəsini, həm də həyata keçirilən layihələrin effektivliyini təmin edəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.