BAKI, 31 may — Sputnik. "Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və konfransı artıq 30 ilə yaxındır ki, Azərbaycana potensialını investorlara nümayiş etdirməyə kömək edir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında çıxışı zamanı deyib.
Prezident İlham Əliyevin sözlərinə görə, 1994-cü ildə təkcə birinci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi keçirilməyib, həm də "Əsrin müqaviləsi" imzalanıb.
"Bu müqavilə ilə ölkəmizdəki vəziyyət tamamilə dəyişib, sərmayələr cəlb edilib, ölkədə iqtisadi sabitliyi və firavan gələcəyi təmin edib", - dövlət başçısı bildirib.
Prezident vurğulayıb ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin neft strategiyası yenicə formalaşmağa başlayıb.
"Bu il biz müstəqil Azərbaycanın qurucusunun anadan olmasının 100 illiyini qeyd edirik", - Prezident İlham Əliyev əlavə edib.
Qeyd edək ki, Bakı şəhəri 31 may-3 iyun tarixlərində üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.