Ucqar kəndlərə qastrol səfəri ənənəsi son illər niyə unudulub?
Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev bildirir ki, son illər demək olar ki, ucqar kəndlərə qastrol səfəri ənənəsi unudulmuşdu. Onun sözlərinə görə, əgər mədəniyyətimizi qorumaq istəyiriksə, bölgələrdən başlamalıyıq.
SputnikBAKI, 30 may — Sputnik. Bir zamanlar teatrlar ən ucqar kəndlərə belə, qastrol səfərləri təşkil edərdilər. Azərbaycanın ən ucqar kəndində yaşayan insanlar üçün də teatrlar əlçatan idi. Ucqar kəndlərdə yaşayan insanlar üçün bu, bir bayram idi. Amma son illər bu ənənə itib desək, yəqin ki, yanılmarıq.
Son illər bu ənənənin unudulmasının səbəbi nədir? İnsanların teatra marağı azalıb, yoxsa maliyyə vəsaiti ayrılmır?
Bu kimi suallara cavab tapmaq üçün Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyevlə söhbətləşdik. Elman Rəfiyev bildirir ki, qastrol səfərləri teatrların olmadığı bölgələrə təşkil olunmaldır. Onun sözlərinə görə, bunun başlıca səbəbi odur ki, bölgələrin maddi rifahı paytaxtdan aşağıdır:
"Kim nə deyir desin, bu gün paytaxt teatrları da tamaşaçı sarıdan əziyyət çəkir, o ki qala bölgələr. Elə tamaşalarımız olur ki, zal dolu olur, elə tamaşa da olur ki, boş olur. Paytaxtda azdırsa, deməli bögələrdə daha da azdır. Tamaşalar elə yerdə nümayiş olunmalıdır ki, orada teatr olmasın. Lənkəranda, Sumqayıtda, Şəkidə, Gəncədə onsuz da teatr var. Amma məsələn, Şəmkirdə teatr yoxdur".
Elman Rəfiyevin rəhbərlik etdiyi teatr bu yaxınlarda Şəmkirə qasrol səfərinə gedib.
"Biz bu yaxənlarda Şəmkirin Dəllər qəsəbəsinə getdik. Orada insanlar bəlkə də illərlə teatrda olmayıblar, eləsi də ola bilər ki, ömründə teatr görməyib. Əgər mədəniyyətimizi qorumaq istəyiriksə, bölgələrdən başlamalıyıq. Bir müddət öncə bizim teatr Qırmızı xaç komitəsi ilə müqavilə imzaladı. Qırmızı xaç komitəsinin dəstəyi ilə ən ucqar kəndlərə, hətta cəbhəyanı kəndlərə də gedirdik. Elə yerlərə gedirdik ki, ermənilərlə bizim aramızda çox az məsafə olurdu, bir çay ayırırdı. Ermənilər tərəfindən tez-tez atəşə tutulan Tap Qaraqoyunluda, Əlibəylidə tamaşalar oynayırdıq. Çünki, oradakı insanların teatra ehtiyacı vardı. Bu, paytaxda, böyük şəhərlərdə tamaşa oynamaqdan daha vacibdir".
Teatrının direktorunun sözlərinə görə, Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəniyyət nazirliyinin təşəbbüsü ilə artıq teatrlar bölgələrə səfər edəcək:
"Son illər demək olar ki, bu ənənə unudulmuşdu. Amma bu il bu ənənə yenidən başlayır. Belə ki, Qəbələyə, İsmayıllıya da səfərlər təşkil olunub. Sözügedən bölgələrdə teatr yoxdu. Əvvəllər rayonlara, kəndlərə tez-tez qastrol səfərləri olurdu. Son dövrlər azalmışdı. Mədəniyyət nazirliyinin təşəbbüsü təqdirə layiqdir ki, rayonlar yenidən canlamağa başlayır".
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib ki, adıçəkilən teatrın bölgələrə qastrol səfərləri yenə davam edir:
"Mədəniyyət Nazirliyinin bununla bağlı xüsusi proqramı, layihəsi var. Akademik Milli Dram Teatrı mart ayında Şəkidə, aprel ayında isə Lənkəranda qastrol səfərində olub. Bu səfərlər gələcəkdə də davam edəcək".
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Rüstəmova qeyd edib ki Mədəniyyət Nazirliyinin layihələri çərçivəsində Musiqili Teatrının kollektivi bölgələrdə tamaşa nümayiş etdirir:
"Ən son Mingəçevirdə, Şuşada olduq. Kollektivimiz Mingəçevirdə "Molla Nəsrəddinin beş arvadı" komediyası ilə, Şuşada isə "O olmasın, bu olsun" musiqili komediyası ilə çıxış etdi. Digər bölgələrə, ucqar kəndlərə gəldikdə isə həmin yerlərdən bizə təklif gəlsə, məmnuniyyətlə gedərik".
Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf isə bildirib ki, teatr dekabr ayında İsveç səfirliyinin birgə layihəsi ilə Şəkidə qastrol səfərində olub. Bundan başqa, Sumqayıtda da tamaşa nümayiş olunmuşdu. Bu yaxınlarda isə Gəncədə olacaq.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova deyir ki, Azərbaycan Dövlət Kukla Teatrı olaraq mütəmadi istər dəvətlər, istər sosial-mədəni aksiyalar, istərsə də xeyriyyə layihələri çərçivəsində bölgələrə səfərlər edirlər:
"Düzdür, ölkədə bizdən başqa, 4 kukla və uşaqlar üçün tamaşalar hazırlayan teatrlar var. Amma bütün hallarda hər teatrın öz tamaşaçı auditoriyası, məqsəd və məramı var. Bizim üçün əsas meyar, tamaşaçı və onların teatral zövqüdürsə, bu işi təkcə öz səhnəmiz ilə məhdudlaşdıra bilmərik. Odur ki, mütəmadi bölgələrə səfərlər edirik".
Rüstəmova onu da əlavə edib ki, hazırda bununla bağlı Kukla teatrı müstəqil sponsorla əməkdaşlıq edir. Teatr Heydər Əliyevin 100 illiyi və peşəkar Azərbaycan teatrının 150 illiyi çərçivəsində ölkənin 5 ən ucqar bölgəsinə səfər edəcək, onlar üçün maraqlı və yeni olacaq tamaşalarını nümayiş etdirəcək:
"Onu da deyim ki, kukla teatrı olaraq bölgələr, xüsusən işğaldan azad olunmuş və yaşayışın qismən bərpa olunduğu ərazilərə gedən ilk uşaq teatrıyıq. İki dəfə Ağalı, iki dəfə də Talış kəndlərində dolğun repertuar - tamaşa nümayişi və konsert proqramı ilə çıxışlar etmişik. Şuşa şəhərində baş tutan beynəlxalq miqyaslı festivalda da iştirak etmişik. Özü də biz burada teatrın truppası ilə yanaşı, onun nəzdindəki "Oyuq" teatr-studiyası ilə də təmsil olunuruq. Məlumat üçün deyim ki, bu il "Oyuq" teatr-studiyasının yaranmasından 10 il ötür. Bu illər ərzində ölkə və beynəlxalq miqyaslı tədbirlərdə yaxından iştirak edən studiyanın yubileyini də bölgələrdə qeyd edirik və bu çərçivədə artıq 3 şəhərdə çıxış etmişik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.