CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türk İnvestisiya Fondu yaradılır - Fond hansı səlahiyyətlərə malik olacaq?

Komitə sədri qeyd edib ki, Fondun fəaliyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək.
Sputnik
BAKI, 30 may - Sputnik. Milli Məclisin iclasında “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi məsələsinə baxılıb.
Parlamentin bugünkü plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, "Türk İnvestisiya Fondunun yaradılması haqqında" Saziş cari il martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Fondun fəaliyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Komitə sədri qeyd edib ki, Türk İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Sənədə əsasən Fondun Prezidenti qurumun Rəhbərlər Şurası tərəfindən dördillik müddətə uzatma və yenidən təyinetmə olmadan rotasiya əsasında təyin ediləcək.
Türk İnvestisiya Fondu hansı səlahiyyətlərə malik olacaq?
Qeyd olunub ki, sənədə əsasən, Fond öz məqsədini həyata keçirmək üçün aşağıdakı funksiya və səlahiyyətlərə malikdir:
regiondaxili ticarətin təşviqində yardım etmək;
xüsusilə mikro, kiçik və orta müəssisələrə aid olan layihələri maliyyələşdirmək;
beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlıq etmək və birgə maliyyələşdirmək;
nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək;
dövlət-özəl tərəfdaşlığı daxil olmaqla rəqəmsal infrastrukturun yaradılmasını və modernləşdirilməsini dəstəkləmək;
sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizm daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrini dəstəkləmək;
enerji səmərəliliyi, bərpa olunan enerji və ətraf mühitin mühafizəsinə investisiya yatırmaqla yaşıl iqtisadiyyata töhfə verən layihələri maliyyələşdirmək;
zəruri hesab edildikdə investisiya layihələrinin hazırlanması üçün yardım və maliyyə dəstəyi təmin etmək.
Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.