BAKI, 30 may - Sputnik. Moskva meri Sergey Sobyanin bildirib ki, bu gün səhər tezdən Rusiya paytaxtında PUA-nın hücumu nəticəsində bir neçə binaya cüzi ziyan dəyib.
“Bu gün səhər tezdən PUA hücumu bir neçə binaya cüzi ziyan vurub”, - mer öz teleqram kanalında yazıb.
Sobyaninin aydınlaşdırdığı kimi, şəhərin bütün fövqəladə hallar xidmətləri hadisə yerindədir. Hazırda hadisənin bütün şəraiti müəyyən edilir. Mer qeyd edib ki, hazırda heç kim ciddi xəsarət almayıb.
O, həmçinin moskvalıları yalnız rəsmi mənbələrə etibar etməyə və yoxlanılmamış məlumatları yaymamağa çağırıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə bildirib ki, bu gün səhər saatlarında Moskva vilayətinin sakinləri hava hücumundan müdafiə sisteminin işləməsi səbəbindən partlayış səslərini eşidiblər.
“Bu gün səhər Moskva vilayətinin bəzi rayonlarının sakinləri partlayış səslərini eşidiblər – bu, bizim hava hücumundan müdafiə sistemimizdir. Moskvaya yaxınlaşarkən bir neçə pilotsuz təyyarə vurulub", - qubernator teleqram kanalında yazıb.
Vorobyov sakinlərdən də sakit olmağı xahiş edib və bütün fövqəladə hallar xidmətlərinin işlədiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.