RUSİYA

Qərb Ukraynadakı soyqırımı birbaşa dəstəkləyir - Lavrov

Rusiya XİN rəhbəri bildirib ki, Qərb Ukrayna böhranının həlli üçün bədnam "Zelenski sülh formulu"ndan başqa heç bir əsasın olmadığında israr edir.
Sputnik
BAKI, 30 may — Sputnik. Qərb Ukraynadakı soyqırımı birbaşa dəstəkləyir, Kiyevin bütün rusları öldürmək niyyəti ilə bağlı bəyanatlarına göz yumur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Burundiyə səfərindən sonra keçirdiyi mətbuat konfransında bildirib.
Bundan əvvəl Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov "Yahoo News"a müsahibəsində bildirmişdi ki, Ukrayna xüsusi xidmət orqanları Ukraynanın tam qələbəsinə qədər dünyanın istənilən yerində rusiyalıları öldürüb və öldürməyə davam edəcək. Sonradan o, bütün rusiyalıları deyil, yalnız müharibə cinayətkarlarını nəzərdə tutduğunu deyərək özünə haqq qazandırmağa çalışıb.

"Qərb Ukrayna böhranının həlli üçün bədnam "Zelenski sülh formulu"ndan başqa heç bir əsasın olmadığında israr edir və eyni zamanda, Zelenskinin komandası,Krımı və şərq rayonlarını azad etməklə hədələyir. Ukrayna, bütün rusiyalıları öldürməyə və orada rusiyalılara məxsus olan hər şeyi məhv etməyə başlayır. Nəticə çox sadədir - Qərb birbaşa soyqırımı dəstəkləyir", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Həqiqəti bilmək həmişə daha yaxşıdır. Biz bu həqiqəti çoxdan bilmişik. Və biz Qərbin məhz belə mövqe tutmasından çıxış edirik", - o əlavə edib.
XİN rəhbərinin sözlərinə görə, Afrika ölkələri tərəfindən Ukrayna münaqişəsi ətrafında yaranmış situasiyanın aradan qaldırılması təşəbbüsləri səmimiyyətlə, hansısa yolla kömək etmək istəyi əsasında ifadə edilir.
"Biz bu münasibəti yüksək qiymətləndiririk", - Lavrov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.