BAKI, 30 may — Sputnik. MDB Hökumət Başçıları Şurasının iyunun 8-də Soçidə keçiriləcək iclasında xidmətlərin azad ticarəti haqqında saziş imzalana bilər, bunun üçün lazımi daxili razılıqlar alınıb. Bunu MDB-nin baş katibi Sergey Lebedev çərşənbə axşamı Minskdə MDB-yə üzv ölkələrin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.
"Bu gün MDB ölkələrinin daimi səlahiyyətli nümayəndələrinin müzakirə edəcəyi əsas məsələ MDB Hökumət Başçıları Şurasının iyunun 8-də Soçidə keçiriləcək növbəti iclasın yekun mərhələsinə hazırlıqdır. Gündəliyin ən mühüm bəndi xidmətlərin azad ticarəti haqqında sazişdir", - deyə Lebedev bildirib.
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında (solda)
© Sputnik / Rashad Keremoglu
O, bu saziş üzərində işlərin 10 ildən artıqdır ki, davam etdiyinə diqqət çəkib.
"Son bir il ərzində ekspertlər, ölkələrin nümayəndələri çox fəal işləyirlər və biz çox ümid edirik ki, xidmət ticarəti üzrə bu saziş imzalanacaq. Ən azından bizim ümidimiz və əsaslarımız var", - Lebedev əlavə edib.
MDB baş katibi vurğulayıb ki, sazişin imzalanması üçün zəruri olan ölkədaxili prosedurlar başa çatıb.
"Ümid edirik ki, imzalanacaq", - o bildirib.
Lebedev qeyd edib ki, iclasın gündəliyinin layihəsində ümumilikdə 15 məsələ var və onların hamısı baxılmağa hazırdır. Onun sözlərinə görə, MDB ölkələrinin hökumət başçıları Soçidə ticarət-iqtisadi əməkdaşlıq məsələlərini, o cümlədən sənaye əməkdaşlığı konsepsiyasının təsdiqini müzakirə edəcəklər. Həmçinin onun həyata keçirilməsi üzrə 2030-cu ilədək tədbirlər kompleksi, radiasiya vəziyyəti ilə bağlı monitorinq məlumatlarının mübadiləsi və məcburi qovulmuş şəxslərin sənədləşdirilməsi məsələləri üzrə əməkdaşlıq haqqında saziş layihələrinə baxılacaq. Gözlənildiyi kimi, iclas iştirakçıları sağlamlıq imkanları məhdud uşaqlar arasında idmanın müxtəlif növləri üzrə kütləvi yarışın yaradılması barədə də qərar verəcək, yaxın üç il üçün MDB-nin gənclər paytaxtlarının siyahısını təsdiq edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.