AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda kosmik fəaliyyət ilə bağlı yeni qanun gəlir

Bu qanun Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri və sairi müəyyən edir.
Sputnik
BAKI, 30 may - Sputnik. Milli Məclisin iclasında “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, kosmik fəaliyyət iqtisadi fəaliyyətin prioritet sahələrindən birinə çevrilib. Komitə sədri bu gün kosmik tədqiqatların və texnologiyaların bəşəriyyətin bir sıra problemlərinin həllində, ətraf mühitin öyrənilməsində, xammal və enerji ehtiyatlarının axtarışında, informasiya texnologiyalarının təkmilləşdirilməsində, milli təhlükəsizliyin təminatında getdikcə artan rolundan danışıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Azərbaycanda kosmik fəaliyyətin tarixinə nəzər salan komitə sədri ölkəmizdə onun əsasının hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərliyi dövründə kosmik fəaliyyətin iqtisadiyyata inteqrasiya olunması mərhələsinin başladığını deyən Tahir Mirkişili bu istiqamətdə beynəlxalq tədbirlərin keçirilməsindən, alim və mütəxəssislərin yetişdirilməsindən, texnologiyaların tətbiqi və elmi-kosmik cihazqayırma sahəsində əldə edilmiş nailiyyətlərdən danışıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" qəbul etməsi ilə ölkəmizdə kosmik texnologiyaların mənimsənilməsi tarixində yeni səhifənin açıldığını diqqətə çatdıran komitə sədri 2013-cü ildən öz süni peyklərini Yerin orbitinə çıxaran ölkəmizin kosmik texnologiyalardan istifadədə əldə etdiyi nailiyyətlərdən söz açıb. O, vurğulayıb ki, sürətli iqtisadi inkişafı, milli təhlükəsizliyi, ümumiyyətlə, müasir həyatı kosmik fəaliyyətsiz təsəvvür etmək mümkün deyil.
"Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsi
Qeyd edək ki, bu qanun Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.
Kosmik fəaliyyət – Yerətrafı orbitlər, habelə Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzanın texniki, iqtisadi, müdafiə, təhlükəsizlik, informasiya, elmi, ekoloji və digər məqsədlər üçün kosmik obyekt vasitəsilə tədqiqi və istifadəsi, kosmik obyektin kosmik fəzaya çıxarılması, idarə edilməsi, istismarı və Yerə qaytarılması, yaxud istismardan çıxarılmasıdır.
Kosmik sənaye – peyk xidmətlərinin təşkili, təqdim edilməsi, kosmik obyektlərin və onların tərkib hissələrinin layihələndirilməsi, istehsalı, kosmik resurslardan və texnologiyalardan istifadə sahəsində elmi tədqiqatların aparılmasıdır.
Maddə 4. Kosmik fəaliyyətin prinsipləri
Kosmik fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
kosmik fəzadan sülh naminə istifadə edilməsi;
milli maraqların qorunması;
kosmik resurslardan səmərəli istifadə olunması;
milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi;
kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması.
Maddə 19 Kosmik obyektin istismardan çıxarılması
19.1. Kosmik fəzada olan kosmik obyekt bu Qanun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada və hallarda, həmçinin istismara yararlılığı başa çatdıqda, idarə edilməsi itirildikdə, təbiət hadisəsinin təsiri və ya qəzaya uğraması nəticəsində məhv olduqda istismardan çıxarılır.
19.2. Reyestrdə qeydiyyata alınmış kosmik obyektin mülkiyyətçisi Müqavilə ilə nəzərdə tutulmuş qaydada BMT-ni məlumatlandırmaq üçün kosmik obyektin istismardan çıxarılması barədə dərhal milli kosmik operatora yazılı məlumat verməlidir.
Maddə 21. Məlumatların qorunması
Kosmik fəaliyyət və kosmik sənaye sahələrində dövlət sirri, kommersiya sirri və konfidensial məlumatlar qanuna və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq qorunur.
Kosmik fəaliyyət və kosmik sənaye sahələrində yaranan mübahisələr kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur. Bu qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Bu qanun dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minəcək.
Xatırladaq ki, mayın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, peyklər Azərbaycan iqtisadiyyatının inkişafına, müdafiə və milli təhlükəsizliyin artırılmasına, işğaldan azad edilmiş ərazilərin monitorinqi, bərpası və digər genişmiqyaslı layihələrin həyata keçirilməsinə mühüm töhfələr verir. O, “Kosmik fəaliyyət haqqında” qanun layihəsinin qəbulu ilə milli kosmik qanunvericiliyin formalaşacağını deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.