BAKI, 29 may - Sputnik. Elxan Qasımovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının, kinosevərlərin qəlbində yaşayacaq.
Bu fikir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımovun vəfatı ilə nekroloqunda yer alıb.
“Azərbaycan mədəniyyətinə və kino ictimaiyyətinə itki üz verib. Respublikanın Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımov mayın 29-da, 78 yaşında vəfat edib.
Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) SSRİ Xalq artisti Adil İsgəndərovun kursunda aktyorluq (1962–1966), Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda rejissorluq (1973–1978) ixtisası üzrə ali təhsil alıb”, - nazirlikdən bildirilib.
“Tələbə ikən çəkildiyi "Əhməd haradadır" (1963) filmi (sürücü Əhməd) ilə tanınan və tamaşaçı rəğbəti qazanan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Müxtəlif filmlərdə yaddaqalan rollar oynayıb, rejissor kimi “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib. Həmçinin sənədli filmlərin, "Mozalan" kinosüjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
Elxan Qasımovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının, kinosevərlərin qəlbində yaşayacaq.
Allah rəhmət eləsin!”, - Mədəniyyət Nazirliyindən əlavə edilib.