DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günüdür

Bu günün qeyd edilməsində əsas məqsədi əhali arasında maarifləndirmə tədbirləri aparmaq, ictimaiyyətin diqqətini həzm pozulması səbəbindən yaranan problemlərə yönəltməkdir.
Sputnik
BAKI, 29 may - Sputnik. Mayın 29-u Ümumdünya Həzm və ya Ümumdünya Sağlam Qidalanma Günüdür.
Sözügedən gün Ümumdünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis olunub.
Təşkilat 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilən birinci Beynəlxalq konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Həmin gün Vaşinqtonda keçirilən Qastroenteroloqların Birinci Dünya Konqresində təşkilatın nizamnaməsinin qəbul edildiyi günün Sağlam Qidalanma Günü elan edilməsi qərara alınıb.
Beynəlxalq qeyri-hökumət, peşəkar tibb federasiyası olan Ümumdünya Qastroenteroloqlar Təşkilatı yüzdən çox milli cəmiyyəti və dörd regional assosiasiyanı birləşdirir. Qurumun 50 mindən çox fərdi üzvü var.
Ümumdünya Sağlam Qidalanma Gününü qeyd etməkdə əsas məqsədi əhali arasında maarifləndirmə tədbirləri aparmaq, ictimaiyyətin diqqətini həzm pozulması səbəbindən yaranan problemlərə yönəltmək, o cümlədən hər il qastroentoloji xəstəliklərin sayının çoxalması barəsində xəbərdarlıq etməkdir.
Statistika göstərir ki, əhalinin 50-60 faizi düzgün olmayan həyat tərzi və həzm sistemi orqanlarının xəstəliklərinin pozulmasından əziyyət çəkir. Böyük şəhərlərdə həmin rəqəm 90 faizə çatır. Qıcqırma, köp, mütəmadi təkrarlanan qarın ağrısı həzm pozuntusu əlamətləri sayılır. Həmçinin düzgün qidalanmamağın nəticələri özünü piylənmə, maddələr mübadiləsinin pozulması və digər xəstəliklərlə büruzə verir. Həmin problemlərdən qorunmaq üçün qastroenteroloq və diyetoloqların məsləhət gördüyü əsas üsullardan biri də profilaktikadır. Profilaktik tədbirlərin əsası zərərli vərdişlərdən və azhərəkətli həyat tərzindən imtina etmək, stressdən uzaq olmaq, fiziki fəallığı artırmaq, rejim və qidalanma rasionuna diqqət etməkdən ibarətdir.
Azərbaycanda sağlam qidalanmanın təşviqi məqsədilə müxtəlif addımlar atılır. Ölkəmizdə aktiv həyat tərzinin təbliği, düzgün qidalanma, insan sağlamlığı üçün ziyanlı olan plastik qablaşdırıcılardan istifadənin azaldılması, zərərli vərdişlərdən imtina istiqamətində tədbirlər görülür. Sağlam qidalanmanın təbliği ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi müxtəlif layihələr həyata keçirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.