Buraxılış imtahanları "qırmızı" attestatlıların paxırını üzə çıxardı
Ekspert deyir ki, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər.
SputnikBAKI, 29 may — Sputnik. Azərbaycanda şagirdlərin qiymətlərinin şişirdilməsi geniş vüsət alıb. Bunu bir neçə gün əvvəl Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Etibar Əliyev deyib. Deputat bildirib ki, dünya bu işlərə çoxdan son qoyub.
Onun sözlərinə görə, ötən tədris ilində Gəncədə attestat qiymətləri əla olan şagirdlərin 16 faizi 0-200 bal toplayıb:
"Beş yüzdən yuxarı nəticə göstərənlərin payı isə 26 faizdir. "Qırmızı" (fərqlənmə nümunəli - red.) attestat alanların isə Gədəbəydə 15,34%-i, Goranboyda 23,5%-i, İmişlidə 18%-i, Qazaxda 12%-i, Salyanda 13%-i, Sumqayıtda isə 6,6%-i 0-200 arası bal toplayıb".
Bəs görəsən məzunların attestat qiymətləri ilə imtahan nəticələri arasında belə kəskin fərqin yaranmasına səbəb nədir?
"Deməli qırmızı attestatı pulla alıblar!"
Təhsil eksperti Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yaranmış vəziyyət bizim keçmiş tariximizlə bağlıdır. Onun sözlərinə görə, buna səbəb təhsil sistemində keçmişdən kök salmış rüşvətdir.
"Əgər qırmızı attestat alanlar buraxılış imtahanlarında aşağı nəticə göstərirsə, deməli bu attestatı pulla, rüşvət verərək alıblar. Bu da ondan xəbər verir ki, ictimai-siyasi mühitdə mənəviyyat korlanıb. Əks halda savadsız məzuna fərqlənmə attestatı verməzdilər".
Ş.Əsgərov deyib ki, cəmiyyətdə hərə bir cür fərqlənmək istəyir.
"Görünür, "qırmızı" attestat alanlar da məktəbdə fərqlənməyə çalışıblar. Ona görə də mənəviyyatı düzəltmək lazımdır. Direktoru dəyişmək, töhmət verməklə də bu problemi aradan qaldırmaq olmaz. Təhsildəki bu mühit dəyişməlidir".
Fərqlənmə nümunəli attestat kimlərə verilir?
Təhsil eksperti Kamran Əsədov isə Sputnik Azərbaycan-a bildirib ki, ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə nümunəli attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.
Onun sözlərinə görə, mövcud qaydalara əsasən, ümumi orta təhsil və tam orta təhsil haqqında fərqlənmə attestatları müəyyən tələblərə uyğun gələn məzunlara verilir. Bu tələblərə məzunların ümumi orta və ya tam orta təhsil səviyyələrində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməsi, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması; ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplaması, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması (ən azı 75 (yetmiş beş) bal toplaması) daxildir.
"Qırmızı attestat"ın üstünlüyü
K.Əsədov onu da bildirir ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında iki və daha artıq abituriyent eyni balı toplayarsa, onlardan attestatında göstəriciləri daha yüksək olan abituriyent seçdiyi ixtisasa qəbul olunur. Həmsöhbətimiz deyir ki, bu zaman fərqlənmə attestatı abituriyentə kömək edir. Lakin fərqlənmə attestatı abituriyentə ali məktəblərə qəbul prosesində müsabiqədən kənar seçim imkanı yaratmır:
“5” qiymətlə bitirən məzunların yalnız 30.82%-i attestat qiymətlərini doğrulda bilib
"Bildiyimiz kimi “Abituriyentin ərizəsi” formasına ayrı-ayrı fənlər üzrə attestat qiymətləri də daxil edilir. 2021-ci ilə aid ərizədə qeyd olunan qiymətlər əsasında abituriyentlərin orta attestat qiymətləri hesablanaraq, onların qəbul imtahanlarında topladıqları ballarla müqayisəsi aparılıb. Təhlillər göstərir ki, attestat qiymətlərinə görə müxtəlif səviyyədə yerləşən cari ilin məzunlarının qəbul imtahanlarında topladıqları balları reallığı əks etdirmir. Bu təhlilə əsaslanaraq görürk ki, attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan ballarını müqayisə edək. Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 96.27%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0–200 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 30.82%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir".
Onun sözlərinə görə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır.
"İndiki halda isə ali təhsil müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir", - deyə ekspert bildirib.
K.Əsədov deyir ki, qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər amillərlə yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir. Onun sözlərinə görə, qiymət meyarlarının məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdlərin biliyi bir məktəbdə (rayonda) “əla”, digər məktəbdə (rayonda) “kafi” qiymətləndirilir.
Tam orta təhsil haqqında attestat almaq üçün yeganə meyar bilikdir
Ekspert bildirir ki, on il əvvəllə müqayisədə ciddi bir fərq yoxdur:
"Belə ki, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması, bütövlükdə, təhsil sistemimizin inkişafına xidmət edir, təlim keyfiyyətinə müsbət mənada mühüm təsir göstərir. Təhsil Nazirliyinin son 3 dərs ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ilə bağlı apardığı müqayisəli təhlilə diqqət yetirsək aydın olur ki, 0-20 və 20-40 faiz nəticə göstərən rayonların sayı ilbəil azalıb, əksinə, 60-80 və 80-100 faiz nəticə göstərənlərin sayı artıb. 2004, 2010 və 2011-ci illər üzrə əlaçı məzunların tələbə qəbulundakı nəticələrinin müqayisəli təhlili də maraq doğurur. 2004-cü ildə, yəni buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada deyil, məktəblər tərəfindən aparıldığı vaxtlar əlaçı məzunların 10,6 faizi 0-100 bal toplayırdısa, 2010-cu ildə bu rəqəm 0,6 faizə, 2011-ci ildə isə 0,5 faizə enib. 2004-cü ildə əlaçı məzunların 19,5 faizi 500-700 arası bal toplayırdısa, 2010 və 2011-ci illərdə bu rəqəmlər müvafiq olaraq 63,6 və 73,4 faizə qədər yüksəlib".
Ekspert bildirir ki, şagirdlər əvvəllər yalnız ali məktəbə qəbul zamanı seçdikləri qrup üzrə nəzərdə tutulan fənləri oxuyur, digər fənlərə ögey münasibət bəsləyirdilər. Bu da "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş təhsilin əsas məqsədinin və təhsil sahəsində dövlət standartlarının həyata keçirilməsinə əngəllər törədirdi. Mərkəzləşdirilmiş imtahanlar isə şagirdlərin əsas təlim fənlərinə münasibətini dəyişərək məsuliyyətini artırıb. Eyni zamanda, müəllim və valideynlərin sıx əməkdaşlığına, faydalı ünsiyyət mühitinin yaradılmasına, X-XI siniflərdə davamiyyətin yaxşılaşmasına, cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılmasına səbəb olub. Yeni qayda təlim prosesinin təkmilləşdirilməsinə diqqəti artırıb, həmçinin cəmiyyətdə müəllimin statusunun və nüfuzunun yüksəldilməsinə təkan verən amilə çevrilib".
Mütəxəssis düşünür ki, bütün məktəblərdən 100 faiz mənimsəmə tələb etmək, oxudu-oxumadı hamıya attestat vermək kimi keçmiş SSRİ-dən qalma stereotiplərə son qoyulub.
"İndi həm şagirdlərə, həm də valideynlərə aydındır ki, tam orta təhsil haqqında attestat almaq üçün yeganə meyar bilikdir. Bütün bu deyilənlərlə yanaşı, mərkəzləşdirilmiş buraxılış imtahanları cəmiyyətdə sosial ədalət prinsipinin bərqərar olmasına, əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsinə, şagirdlərin özünü reallaşdırmaq imkanlarını təmin etməyə yönəlir, ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında məktəbin rolunu artırır, yüksək bilikli kadrların hazırlığına zəmin yaradır".
K.Əsədov qeyd edir ki, mərkəzləşdirilmiş buraxılış imtahanlarının üstünlükləri danılmazdır.
"Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması artıq özünü nəinki doğrultmuş, zərurətə çevrilib. Digər tərəfdən, bu mütərəqqi addımın dünyada Azərbaycan vətəndaşlarının savadlılıq indeksi üzrə göstəricilərinin formalaşdırılması yolunda Prezident İlham Əliyevin həyata keçirməkdə olduğu strateji kursa uyğundur. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz. Bu gün Azərbaycanda oxuma-yazma bacarığı 100%-ə çatıb. Bu dünyada ən yüksək nəticələrdən biridir. Amma real rəqəmlər odur ki, məktəblərin böyük qismində tədris normal aparılmır, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır", - deyə K.Əsədov fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.