DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə prezident seçkilərinin II turu keçirilir

Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanla müxalifətin lideri Kamal Kılıçdaroğlu Türkiyə prezidenti postu uğrunda yarışır.
Sputnik
BAKI, 28 may - Sputnik. Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir.
60 milyon 697 min 845 seçici 191 min 910 seçki məntəqəsində səs verəcək. Səsvermə prosesi yerli vaxtla 17:00-da başa çatacaq.
Xatırladaq ki, prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kamal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Seçici fəallığı 88,92 faiz təşkil edib.
Bu keçirilən ikinci turda isə Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparır. Bu turda qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.
Qeyd edək ki, Türkiyənin xaricdəki diplomatik nümayəndəliklərində prezident seçkilərinin ikinci turunda səsvermə prosesi mayın 24-də başa çatıb.
Türkiyəli seçicilər üçün 73 xarici ölkədəki 151 nümayəndəlikdə 167 seçki məntəqəsi qurulub. Xaricdə yaşayan 3 milyon 423 min 759 seçicinin 1 milyon 763 min 973-ü səsvermədə iştirak edib.
Xarici ölkələrdən gətirilən bülletenlər Türkiyədə səsvermə başa çatdıqdan sonra sayılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.