RUSİYA

Putindən Əliyevə təbrik: Azərbaycan dünya miqyasında layiqli nüfuza malikdir

Rusiya prezidenti qeyd edib ki, Azərbaycan iqtisadi və sosial sahədə böyük uğurlar qazanıb, beynəlxalq gündəmdəki bir çox mühüm məsələlərin həllində fəal rol oynayır.
Sputnik
BAKI, 28 may - Sputnik. Rusiya Federasiyasınını prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevi Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib
Kremlin saytının yaydığı məlumata görə, Putin Azərbaycanın dünya miqyasında layiqli nüfuzunu qeyd edib.
"Hörmətli İlham Heydəroviç, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Ölkəniz iqtisadi və sosial sahədə böyük uğurlar qazanıb. Azərbaycan dünya miqyasında layiqli nüfuza malikdir. Beynəlxalq gündəmdəki bir çox mühüm məsələlərin həllində fəal rol oynayır”, - Putinin təbrik mesajında deyilir.
Putin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər müttəfiqlik əməkdaşlığının yeni səviyyəsinə yüksəlib, ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edir.
Putin əmindir ki, iki ölkənin səyləri nəticəsində dost xalqların rifahı naminə tərəfdaşlıq əlaqələri qurulmaqda davam edəcək.
"Hörmətli İlham Heydəroviç, Sizə ürəkdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə isə xoşbəxtlik və firavanlıq arzulayıram", - Putin sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.