SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Birinci vitse-prezident Müstəqillik Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva təbrik notunda yazıb: "Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun!"
Sputnik
BAKI, 28 may - Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:

“Əziz həmvətənlər! Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Ucar Tanrı Vətənimizi qorusun!”.

Xatırladaq ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.
1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilirdi. Lakin Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.
1917-ci ildə baş vermiş Fevral inqilabı nəticəsində Çar Rusiyası süqut etdi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak və digər yadelli qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).
1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovet İttifaqı, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Lakin istiqlal ideyası yenilmədi və 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.