SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ dövlət katibi Azərbaycanla bağlı arzularını ifadə edib

Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan və region üçün davamlı sülhün təmin edilməsinə kömək istiqamətində əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir.
Sputnik
BAKI, 28 may - Sputnik. ABŞ dövlət katibi Entoni Blinken Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən Blinken bildirib ki, ortaq ikitərəfli prioritetlərin inkişafı üçün Azərbaycanla davamlı əməkdaşlığı yüksək qiymətləndirir.
"31 ildən artıqdır davam edən ikitərəfli əlaqələrimiz dönəmində ABŞ ümumi təhlükəsizlik maraqları, enerji əməkdaşlığı və iqtisadi artıma əsaslanan davamlı tərəfdaşlıq qurmaq üçün Azərbaycanla sıx əməkdaşlıq edib. Bu əməkdaşlıq Azərbaycan Konstitusiyasına uyğun demokratik inkişaf öhdəliyi, eləcə də insan hüquq və əsas azadlıqlarına hörmətlə yanaşı getməyə davam edəcək", - Blinkenin təbrik məktubunda deyilir.
"Mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm və gələcək illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar həmçinin Azərbaycan və region üçün davamlı sülhün təmin edilməsinə kömək istiqamətində əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir. Biz Cənubi Qafqazda yaşayanların hamısı üçün daha yaxşı gələcək naminə bu məqsədi dəstəkləməyə tam sadiqik", - Blinken əlavə edib.