BAKI, 27 may - Sputnik. Türkiyə ilə qaz qovşağının məqsədi bu sahədə kommersiya əlaqələrinin daha da keyfiyyətcə gücləndirilməsi üçün lazımi infrastrukturun yaradılmasıdır. Bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson bildirib.
“Ankara daxili karbohidrogen ehtiyatlarının əsas istehlakçısı olaraq qalır, “Mavi axın” və “Türk axını” qaz kəmərləri stabil işləyir. Sözügedən “qovşaq” bu sahədə kommersiya əlaqələrinin daha da keyfiyyətcə gücləndirilməsi üçün zəruri infrastrukturun yaradılması məqsədi daşıyır”, - deyə o, agentliyə müsahibəsində qeyd edib.
Rusiya Federasiyasının Türkiyədə təklif etdiyi qaz qovşağı layihəsi vasitəsilə qazın alqı-satqısı üzrə əməliyyatlara 2024-cü ildə başlanması planlaşdırılır. Bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
O, daha əvvəl bildirmişdi ki, aprelin əvvəlində Türkiyə Rusiya Federasiyasının təklif etdiyi qaz qovşağı layihəsi ilə bağlı qanunvericiliyə düzəlişlər prosesinə başlayıb və onların prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənməsi gözlənilir.
Onun sözlərinə görə, bir sıra Avropa ölkələri, o cümlədən Macarıstan və Serbiya bu qovşaq vasitəsilə qaz almaqda maraqlıdır.
Ötən ilin oktyabrında Rusiya Federasiyası və Türkiyə prezidentləri qaz qovşağının yaradılması məsələsini ətraflı şəkildə işləyib hazırlamaq tapşırıblar.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib ki, onun vasitəsilə, xüsusən də zədələnmiş “Şimal axını”ndan qaz nəqlini həyata keçirmək mümkün olardı.
Eyni zamanda, söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də cənub istiqamətində infrastrukturun inkişaf etdirilməsi və təchizatın artırılmasından gedir.
Digər ölkələr də burada iştirak edə bilər: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətində Avropaya qaz nəql edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.