BAKI, 27 may - Sputnik. Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın müstəqilliyinin 105-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə 1993-cü ildə xalq rəssamı Ömər Eldarovun yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) banisi Məmməd Emin Rəsulzadənin heykəlinin ilkin eskizi nümayiş etdirilib.
Eskizin müəllifi bildirib ki, o, vaxtilə Ümummilli lider Heydər Əliyevin göstərişi ilə heykəl üzərində işlərə başlayıb.
"Rəsulzadənin iki metr hündürlüyündə olan abidəsinin işçi layihəsini hazırlamışam. Bu, abidənin ucaldılması üçün əsas olmalı idi. Onu yaratmaq üçün Rusiyanın Ural bölgəsindən ağ mərmər sifariş edilmişdi. Abidənin hündürlüyü 11 metr olmalı idi. Təəssüf ki, pul olmadığından işlər yarımçıq qaldı”, - deyə Eldarov bildirib.
Plana görə, abidə Kukla Teatrı ilə üzbəüz parkda qoyulmalı idi. Eldarov ümid edir ki, abidə 2024-cü ildə ADR qurucusunun anadan olmasının 140-cı ildönümündə ucaldılacaq.
Qeyd edək ki, tədbir Milli Qəhrəman Çingiz Mustafayev Fondu, Azərbaycan Tarixi Muzeyi, Rəsulzadənin Ev-Muzeyi İctimai Qrupu, VMF Holdinq və Danimarkanın tanınmış OBaku şirkəti tərəfindən təşkil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.