BAKI, 27 may - Sputnik. Türkiyə taxıl sövdələşməsinin iştirakçıları ilə əlaqələrin davam etdiyini açıqlayıb. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın sözlərinə görə, Ankara gələcəkdə müqavilənin uzadılması məsələsini müzakirə edir.
Hulusi Akar “Habertürk” telekanalının efirində bildirib ki, müqavilə iki ay uzadılıb. Müqavilə iştirakçıları ilə təmasları davam etdirəcəyik, vəziyyəti qiymətləndirəcəyik. Razılaşmaların yeni müddətə uzadılması üzərində işləyəcəyik.
Qeyd edək ki, mayın 18-də başa çatan taxıl müqaviləsinin müddəti iyulun 17-dək uzadılıb. Eyni zamanda Rusiya tərəfi bəyan edib ki, sövdələşmə üzrə bütün problemli məsələlər iki ay ərzində həll olunmasa, iyulun 17-dən sonra saziş ləğv ediləcək.
Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda bağlanıb. O vaxt BMT, Türkiyə, Ukrayna və Rusiyanın iştirakı ilə iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılmasını, digəri Rusiya ərzaq və gübrəsinin ixracını nəzərdə tutur.
Moskva dəfələrlə bəyan edib ki, razılaşmanın Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmir və sazişin vaxtının uzadılması bundan asılıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.