BAKI, 26 may — Sputnik. Şəkərsiz diabet antidiurek hormonun ifrazının azalması və ya böyrəklərin bu hormonun təsirinə həssaslığının zəifləməsindən yaranan xəstəlikdir.
Bunu Bakı Baş Səhiyyə Mərkəzinin 37 nömrəli Şəhər Poliklinikasının həkim-endokrinoloqu Gülər Niftəliyeva deyib. Həkimin sözlərinə görə, buna beyin şişləri, neyrocərrahi əməliyyatlar, kəllə-beyin travmaları, mərkəzi sinir sisteminin zədələnməsi ilə müşahidə olunan infeksiyalar və toksinlər səbəb ola bilər:
"Həmçinin bəzi böyrək xəstəlikləri, idiopatik olaraq anticisimlərin yaranması, eləcə də irsi patologiyalar da bu xəstəliyin etiologiyasında rol oynayır".
Həkim bildirir ki, şəkərsiz diabetin 4 tipi var:
• Mərkəzi şəkərsiz diabet;
• Nefrogen şəkərsiz diabet;
• Dipsogen şəkərsiz diabet;
• Hestasion şəkərsiz diabet.
Mütəxəssis qeyd edir ki, şəkərsiz diabetin əsas əlaməti poliuriya, yəni sidik ifrazının artmasıdır: "Yüngül formalarda 2-2,5 litr, ağır hallarda isə 20 litrə qədər maye itkisi müşahidə edilir. Bunun nəticəsində insanda susuzluq hissi yaranır və xəstə itirdiyi qədər maye qəbul etmək məcburiyyətində qalır".
Xəstəliyin əlamətlərinə gəlincə, endokrinoloq Gülər Niftəliyeva bildirib ki, şəkərsiz diabetin əsas əlaməti gün ərzində 6-10 litr olmaqla, tez-tez sidiyə çıxma və susuzluğun artmasıdır:
"Ağırlaşmış hallarda orqanizmin susuzlaşması, halsızlıq, ümumi zəiflik, ürəkdöyünmənin artması, qusma, psixoneyrogen pozulmalar, təyziqin enməsi halları və huşun itməsi müşahidə oluna bilər. Xəstəliyin diaqnozu sidiyin sutkalıq miqdarının və sıxlığının, Na miqdarının ölçülməsi, qan plazmasında Na, Ca, K miqdarı və ADH (antidiuretik hormon) təyininə əsasən qoyulur. Şəkərsiz diabetin müalicəsi əsas səbəb aradan qalxdıqdan sonra antidiuretik hormonun analoqu ilə aparılır. Preparat oral tablet və ya nazal sprey formasında istifadə olunur".
Gülər Niftəliyeva həmçinin qeyd edib ki, belə xəstələrə böyrəklərin yüklənməsinin qarşısını almaq məqsədilə qidalanma zamanı proteinli qidalardan çox istifadə etməmək tövsiyə olunur: "İstənilən xəstəliyin aşkarlanmasında ilkin səhiyyə xidmətlərindən istifadə həmin xəstəliyin aşkarlanmasında və sonrakı inkişafının qarşısının alınmasında mühüm rola malikdir. Bu səbəbdən də hər hansı narahatlıq və ya ağrı hiss edən zaman ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək, xəstəliyi daha tez aşkarlamaq mümkündür".