HADİSƏ

Gəncə və Göygöldə daşqın olub: Mayın 31-dək yağış və sel davam edəcək

Növbəti beş gündə rayonlarda hava yağmurlu olacaq, daşqın və sel keçəcək.
Sputnik
BAKI, 26 may - Sputnik. İntensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndi ərazisində sel daşqını nəticəsində kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
"Dərhal Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları digər qurumlarla birlikdə kənd ərazisinə gələrək təxirəsalınmaz tədbirlər həyata keçirmiş, nəqliyyatın hərəkətin bərpası edilmişdir", - deyə o bildirib.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb, bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda polis əməkdaşları hadisə yerindədir araşdırmalar davam etdirilir.
Bu arada Milli Hidrometeorologiya Xidməti məlumat yayıb ki, mayın 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Qeyd olunub ki, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Qeyd edək ki, Gəncə şəhərində yerləşən Heydər Əliyev Park Kompleksindəki süni göl daşıb.
Yaxınlıqda olan küçələri su basıb, fərdi yaşayış evlərinə və həyətyanı sahələrə su dolub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb edilib.