HADİSƏ

Daşkəsəndə və Göygöldə leysan yağışları fəsad törədib - 2 nəfər həlak olub

Ötən gün axşam saatlarında yağan güclü leysan yağışları nəticəsində Göygöl və Daşkəsən rayonunun bəzi kəndlərində sel ciddi fəsad törədib
Sputnik
BAKI, 26 may — Sputnik. Ötən gün axşam saatlarında yağan güclü leysan yağışları nəticəsində Göygöl rayonunun Aşağı Zurnabad, Şəhriyar, Kərəmli və Topalhəsənli kəndlərindən sel keçib.
Göygöl Rayon İcra Hakimiyyətinin rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, sel həmin kəndlərə ciddi zərər vurub.
Qeyd edilib ki, sel nəticəsində əsasən avtomobil yoluna, qaz xətlərinə, elektrik və rabitə təsərrüfatına həmçininin vətəndaşlara məxsus əkin və həyətyanı sahələrə zərər dəyib.
Bildirilib ki, aidiyyəti qurumların, idarələrin əməkdaşları və texnikalar dərhal hadisə yerinə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Vurğulanıb ki, hazırda hər 4 kənddə qazın və elektrik enerjisinin verilməsi qismən bərpa olunub. Eləcə də bu kəndləri birləşdirən avtomobil yolu təmizlənib və hərəkət bərpa edilib. Kənd daxili yollarda isə ciddi fəsadlar olmayıb. Son məlumata görə, vətəndaşlara məxsus müxtəlif markalı 5 avtomobilə zərər dəyib, obyektlərə və evlərə isə qismən ziyan dəyib. Hazırda komissiyanın əməkdaşları tərəfindən araşdırmalar aparılır, dəymiş ziyanlar hesablanır.
Xatırladaq ki, təbii fəlakət nəticəsində 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov selə düşərək dünyasını dəyişiblər. Qeyd edək ki, sel sularına düşən hər iki şəxsin - 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun meyiti tapılıb və ailəsinə təhvil verilib.
Ötən gün axşam saatlarından başlayaraq Daşkəsən rayonu ərazisinə də güclü leysan yağışları yağıb. Leysan yağışları rayon mərkəzi də daxil olmaqla ayrı-ayrı kəndlərdə bəzi elektrik transformatorlarına və dirəklərinə, qaz xətlərinə, fərdi yaşayış evlərinin dam örtüklərinə, əkin sahələrinə, meyvə bağlarına zərər vurub, yollarda sel-sularının gətirdiyi palçıq kütlələri və qaya daşları nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən axşam saatlarından başlayaraq dərhal daxili imkanlar hesabına qabaqlayıcı tədbirlər görülüb, yerli idarə və xidmət sahələrinə tapşırıqlar verilib.