BAKI, 26 may — Sputnik. Yağan leysan xarakterli yağışlarla əlaqədar bu gün - mayın 26-da saat 11:55-də Gəncəçay Alaxançallıda, saat 13:40-14:05 radələrində Aşağı Ağcakənd ərazisindən, saat 12:03-12:33 radələrində Gədəbəydən, saat 14:15 radələrində Gəncəçay-Zurnabaddan sel keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 15:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında, Şərur, Ordubad, Balakən, Zaqatala, Qax, Altıağac, Şabran, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Xaltan, Quba, Salyan, Qazıməmməd, Qobustan, Göygöl, Gədəbəy, Daşkəsən, Ağstafa, Tovuz, Gəncə, Ağsuda şimşək çaxıb, arabir yağış yağıb.
Azərbaycanın qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir, sel suları Gəncə və Daşkəsəndə bir sıra fəsadlar törədib.
Belə ki, sel nəticəsində 10-dan çox fərdi yaşayış evinə və həyətyanı sahələrə su dolub, daha bir evin hasarı dağılıb
Sel suları və dolu Daşkəsən rayonunun Zivlən kəndində təsərrüfata və əkin sahələrinə ziyan dəyib. Hazırda yağıntılı hava şəraiti davam edir.