BAKI, 26 may — Sputnik. "Azərsu" ASC-nin Su qrupları yaradılıb. Bu qruplar böyük su istehlakçılarının, sudan xammal kimi istifadə edən abunəçilərin su təchizatı sisteminə baxış keçirir, təhlillər aparırlar. Bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün qurumda keçirilən brifinqdə bildirib.
Anar Cəbrayıllı bildirib ki, aparılan monitorinqlər nəticəsində bir sıra qanunsuz hallar aşkar edilib. Belə ki, "Qeyri-əhali" abonent "əhali" olan abonentin suyundan istifadə edir: ""Qeyri-əhali"dən istifadə etdikə 2 manat ödəniş etməli olduğu üçün,"Əhali" xəttindən istifadə edərək 1 manat ödəniş edirlər. Bütün dünyada olduğu kimi Azəbaycanda da şirin su ehtiyatlarında ciddi azalma müşahidə olunur".
Onun sözlərinə görə, sudan səmərəli və qənaətlə istifadə edilməsi üçün bu ilin fevral ayından etibarən qənaət rejiminə keçilib: "Bu dövrdə sudan qanunsuz istifadə ilə bağlı bəzi mənfi hallara rast gəlinib. Məsələn, "Azərsu" abonenti olan bəzi şəxslər sayğacdankənar su xəttindən istifadə edir. Bəzi şəxslər isə qurumun abonenti deyil, heç bir sayğacı yoxdur, qanunsuz şəkildə su ehtiyatlarından istifadə edir".
Anar Cəbrayıllının sözlərinə görə, İcra hakimiyyətlərində bununla əlaqədar xüsusi komissiyalar yaradılıb. Abşeron rayonunda bu komissiyaların iştirakı ilə keçirilən görüş zamanı məlum oldu ki, burada böyük həcmdə su istifadə edilib: "Bir qanunsuz su xəttini ləğv etdik, amma səhəri gün məlum oldu ki, su xətti yenidən çəkilib. Buna yol verən isə ərazidəki obyekt sahibləri olub. Onlar parkların və digər ərazilərin suvarılması üçün ayrılan sudan qanunsuz istifadə edir, bunun müqabilində isə heç bir ödəniş etmirlər. Onlar özlərinə məxsus xüsusi çənləri belə doldururlar".
A.Cəbrayıllı həmçinin bildirib ki, su şəbəkəsinə qanunsuz qoşulma daha çox Bakı ətrafı ərazilərdə rast gəlinir: "Sabunçu, Suraxanı Bağlar massivi, Binəqədi rayonlarında belə hallar daha çoxdur. Ən çox da makler tərəfindən tikilmiş evlərdə belə hallara rast gəlinir. Maklerlər tikdikləri 5-6 evi su şəbəkəsinə primitiv şəkildə qoşur. Son nəticədə, biz vətəndaşla üz-üzə qalırıq. Digər qanunsuz qoşulmalar şəhər ətrafında apartmant tipli evlərdə baş verir. 2-3 mərtəbəli apartmanlar var ki, onlar da şəbəkəyə qoşulmaq üçün texniki şərtlər almadan orada yaşayacaq əhalini köhnə evin su şəbəkəsinə qoşurlar"