TƏHSİL

Vəkilliyə qəbul üzrə imtahan keçirilir

Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək
Sputnik
BAKI, 25 may — Sputnik. Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir.
324 nəfər vəkilliyə namizədin iştirakı ilə keçirilən imtahan Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
İmtahan saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilir.
İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunur ki, bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər.
Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək.
İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, KİV nümayəndələrinin iştirakı təmin edilib.
İmtahanda iştirak edən ən yaşlı namizəd 67 yaşındadır. O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 61%, respublikanın digər regionları üzrə isə 39%-dir.
Qeyd edək ki, say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur. Bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcəkdir. Namizədlərin 14%-i xarici, 86%-i yerli ali təhsil müəssisələrində təhsil alanlardır. Bu siyahıda ilk yeri 54% ilə Bakı Dövlət Universiteti tutur. Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 66%-ni təşkil edir. Qadın namizədlər 25%, kişi namizədlər isə 75%-dir.