BAKI, 25 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika sammitinin Rusiyanın afrikalı tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsi üçün yeni vəzifələri müəyyənləşdirəcəyinə əminliyini ifadə edib.
Müvafiq teleqram Kremlin saytında dərc olunub.
Putin Afrika günü münasibətilə Afrika ölkələrinin dövlət və hökumət başçılarına təbrik ünvanlayıb.
"Əminəm ki, iyulda Sankt-Peterburqda keçiriləcək ikinci Rusiya-Afrika sammiti ölkəmizin afrikalı tərəfdaşları ilə siyasi, ticarət-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə konstruktiv əməkdaşlığının genişləndirilməsi üçün yeni vəzifələri müəyyən etməyə imkan yaradacaq", - teleqramın mətnində belə deyilir.
Dövlət başçısı, həmçinin əlavə edib ki, Afrika liderlərini sammitdə görməkdən şad olacaq.
Rusiya Federasiyasının prezidenti qeyd edib ki, bu il Afrika Birliyi Təşkilatının yaradılmasının 60 illiyi tamam olur. Onun sözlərinə görə, bu beynəlxalq struktur bir neçə onilliklər ərzində çoxtərəfli dialoq və əməkdaşlığın inkişafında mühüm rol oynayıb və hazırda onun ənənələrini qitənin bütün dövlətlərinin fəal əməkdaşlıq etdiyi Afrika İttifaqı davam etdirir.
Putin, həmçinin əlavə edib ki, birgə səyləri sayəsində onlar yerli böhranlara kollektiv reaksiya mexanizmləri yaratmağa, Afrikanın sosial-iqtisadi inkişafına töhfə verən və beynəlxalq məsələlərdə rolunu artıran regional inteqrasiya proseslərinə start verməyə nail olublar.
"Hamınıza səmimi qəlbdən cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, həmvətənlərinizə sülh və firavanlıq arzulayıram", - deyə prezident sözünü bitirib.