BAKI, 25 may — Sputnik. Mayın 24-ü axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı mediyada yayılmış məlumat AQTA tərəfindən araşdırılıb.
Bu barədə AQTA-dan verilən məlumatda bildirilib. Araşdırma zamanı hadisənin qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən olunub.
Qeyd edək ki, mayın 25-də saat 5 radələrində polis baş serjantı xəstəxanada vəfat edib. DİN-in mətbuat xidmətinin məlumatına görə, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq o dünyasını dəyişib.
S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.