BAKI, 25 may - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınması və sülhə davamlı sadiqliyi ilə bağlı son şərhlərini yüksək qiymətləndiririk.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
"Yekun razılaşma əldə edilməkdədir və biz dostlarımıza buna nail olmaqda kömək etməkdə qərarlıyıq", - deyə o, əlavə edib.
Xatırladaq ki, bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Görüşün yekunlarına görə ən azı iki sənəd qəbul edilməlidir. Onlardan birincisi nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması haqqındadır.
İkinci sənəd isə Əliyev, Paşinyan və Putinin beşinci birgə bəyanatı və bu barədə üç ölkənin Xarici İşlər nazirliklərinin fəaliyyəti ilə bağlı olacaq.
Ekspertlərin fikrincə, ikinci sənədin əsas məqamı Ermənistan və Azərbaycan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır.
Azərbaycanın ərazi bütövlüyünün tanınması
"Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyır, bura Qarabağ da daxildir".
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında deyib.
O həmçinin, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyi məsələsinin Bakı ilə Xankəndi arasında müzakirə olunmalı olduğunu qeyd edib.
"Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisini tanıyır", - Baş nazir mətbuat konfransında deyib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında sərhəd məsələlərində irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdiklərini bildirib. Onun sözlərinə gröə, həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəliblər.
"Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər", - deyən Mişel əlavə edib ki, sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.