Azərbaycan "Wikipedia"da niyə uduzur?
Adıçəkilən resursda müəyyən irəliləyişlərə nail olmaq üçün tələbələrin potensialından istifadə etmək olar.
SputnikBAKI, 25 may—Sputnik. Hazırda dünyada müharibələrdə istifadə olunan əsas "silah"lardan biri də informasiyadır. Bu cür silahlardan biri də “Wikipedia” internet resursudur. Lakin təəssüflər olsun ki, Azərbaycan dilində “Wikipedia” məqalələrinin sayı qonşu Ermənistanla müqayisədə çox azdır.
Azərbaycan dilində “Wikipedia” məlumatlarının, məqalələrinin artırılması üçün nə edə bilərik?
Faəl “Wikipedia”çı Səmral Quluzadə Sputnik Azərbayccan-a açıqlamasında bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası var və bu kitabxanada iki ildə bir dəfə bir cild məlumatlar toplusu nəşr olunur:
“Yəni 2008-ci ildən bu yana təxminən onadək cild nəşr olunub. Lakin heç ölkə əhalisinin yarısı belə bunları oxumayıb, oxumayacaq da... Amma internet istifadəçisi olan əhalinin bəlkə də 30-40 faizi hər gün hansısa məlumatı əldə etmək üçün “Wikipedia”dan istifadə edir. AMEA, istərsə də Azərbaycan Milli Ensklopediyası Elmi Mərkəzi müəyyən bir qrup yarada bilər. AMEA Mərkəzi Elmi Kitabxanasında bu işlə məşğul olan qrup var, amma bu da kifayət etmir. Bu işə maliyyə az ayrıldığından görülən işlər də azdır”.
Müsahibimiz bildiri ki, 5-10 nəfərdən ibarət olan həmin qrup gördüyü işlə könüllü olaraq bu işlə məşğul olanlara çata bilmir.
"Çünki bu şəxslərə konkret maaş verilir və qarşılarına konkret material sayı ilə bağlı tələb qoyulur. Belə olan halda onların da əksəriyyəti işlərini "yola verirlər", çox vaxt bizim kimi könüllü fəaliyyətlə məşğul olanlara problem yaradırlar. Biz əksər hallarda iş-gücümüzü qırağa atıb onların səhvlərini düzəltməklə məşğul oluruq. Bu səhvləri onlara da izah edirik”.
Həmsöhbətimiz bildirir ki, bu sahədə tələbə əməyindən yararlan maq olar:
“Birinci “Wikipedia” forumunda da təklifimi vermişəm. Məsələn, universitetlər tələbələrə tapşıra bilər ki, kurs işi əvəzinə hansısa məqaləni təkmilləşdirsin. Birdən-birə məqalə yaratmasınlar, sadəcə olaraq, səhvləri düzəltsinlər. Yaxud da alman dili üzrə təhsil alan tələbələrə tapşırıla bilər ki, bu dildə Azərbaycana dair olan məqalələri redaktə etsinlər. Diplom işi əvəzinə tələbəyə tapşırıla bilər ki, hansısa görkəmli publisist, yaxud da şairin əsəri haqda “Wikipedia”da məqalə yaratsın. Doktoranturada oxuyanlara daha böyük işlər tapşırıla bilər. Onlar namizədlik işi əvəzinə hansısa seçilmiş mövzuda bu resurs üçün məqalə yaza bilərlər”.
Tarix ixtisası üzrə təhsil alana məqalə yaratmaq, rus dili üzrə təhsil alana isə bunu rus dilinə tərcümə etmək tapşırıla bilər:
“Çünki onların diplom, namizədlik işləri sadəcə olaraq tozlu rəflərdə saxlanılacaq. Yəni tələbə-məzun əməyindən bu cür yararlanmaq daha məqsədəuyğundur”.
Mütəxəssis bildiri ki, dasporanın dəstəyi ilə ermənilər “Wikipedia” məqalələrini hazırlamaq üçün xüsusi komandalar saxlayır.
"Hətta Xankəndindəki qondarma rejimin belə öz komandası var. Biz belə məlumatlarda onlara uduzuruq. Ermənilər isə dünya şöhrətli alimlərə sponsorluq edərək elmi işlər yazdırırlar, sonra “Wikipedia”a bu mənbələrə istinad edirlər. Bizdə isə diaspor dəstəyi də yoxdur”, -deyə S.Quluzadə əlavə edib.
“Wikipedia” üzrə redaktor Araz Yaquboğlu da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanca məlumatların zənginləşdirilməsi üçün gəncləri, tələbələri bu sahəyə cəlb etmək lazımdır.
“Azərbaycanda gördüyün işin müqabilində vəsait almayanda o sahəyə maraq olmur. Bu bizim əsas çatışmayan cəhətimizdir. “Wikipedia” könüllü fəaliyyət olduğundan bu sahəyə maraq çox azdır”, - deyə həmsöhbətimiz bildirib.
Rəqəmlərdən danışan redaktor qeyd edib ki, hazırda Azərbaycan dilində “Wikipedia” dünya üzrə 54-cü, erməni dilində olan “Wikipedia” isə 38-ci yerdədir:
“Bizim dilimizdəki məqalələrin sayı 194 mindən, erməni dilində olan məqalələrin sayı isə 294 mindən çoxdur. Məqalələrin məzmununun daha zəngin olması da önəmlidir. Əsas məsələ odur ki, məqalə bir cümlədən ibarət olmasın və məzmunu əhatə etsin. AMEA-nın Milli Kitabxanası var, onlar da bu istiqamətdə müəyyən işlər görürlər”.
Onun fikrincə, universitetlər də tələbələri bu işə cəlb edə bilər:
“Problemi həll etmək üçün ensklopedik mövzularda məqalələr yazmalıyıq. Məqalələrimizin digər dillərə tərcüməsi də yaxşı olardı”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.