BAKI, 25 may - Sputnik. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə ticarət dövriyyəsi ötən il 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi əlavə 38 faiz artıb.
Dövlət başçısının sözlərinə görə, ötən il Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 9 faizə yaxın təşkil edib.
"Biz ticarət dövriyyəsinin gələcək inkişafı üçün böyük potensial görürük", - Azərbaycan Prezidenti vurğulayıb.
Prezident həmçinin qeyd edib ki, Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi coğrafi məkanda yerləşir.
Dövlət başçısı deyib ki, Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətli iştirakçısıdır.
“Ölkəmizin nəqliyyat-logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir”, - Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət limanına malikdir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmçinin Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edib:
“Zəngəzur dəhlizi təkcə Azərbaycanı Naxçıvanla Muxtar Respublikası ilə birləşdirməyəcək, beynəlxalq dəmiryol marşrutlarının bir hissəsinə çevriləcək”.
O əlavə edib ki, Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi son iki ildə işğaldan azad edilmiş Füzuli və Zəngilan rayonlarında tikilib. Doqquzuncu beynəlxalq aeroport isə işğaldan azad edilmiş Laçında tikilir və 2025-ci ildə istifadəyə veriləcək.
"Bizim ölkəmiz regionda ən böyük hava yük daşımaları imkanına malikdir. Yük dövriyyəsi ildə 500 min tondan çoxdur." - Əliyev deyib.
O bildirib ki, Azərbaycan iqtisaqdiyyatı dayanıqlılıq nümayiş etdirir və bütün müstəqillik dövründə davamlı artım müşahidə edilib.
"Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq ki, bu da bizim müstəqil xarici siyasət kursunu həyata keçirməyimiz üçün vacib faktordur və biz bunu uğurla edirik" - Azərbaycan prezidenti deyib.