Biz Brüssel və Moskvanın moderatorluğu ilə Azərbaycan və Ermənistan liderlərinin mütəmadi görüşlərini müşahidə edirik. Bu, münasibətlərin normallaşmasında dinamikanın göstəricisidir.
Bunu politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
O qeyd edib ki, Brüssel və Moskva arasında diplomatik rəqabət var.
Politoloqun sözlərinə görə, ötən ilin dekabrında Ermənistan-Fransa tandemi tərəfindən iki ölkə liderləri arasında əngəllənən görüş 2023-cü ilin mayında baş tutacaq.
Hüseynov bildirib ki, bütün danışıq yolları sülh yolu ilə nizamlanmaya gətirib çıxarır.
"Azərbaycanın sülh gündəliyi həm kommunikasiyaların açılması, həm də sərhədin delimitasiyası və demarkasiyası baxımından dəyişmir", - deyə politoloq bildirib.
Sputnik Azərbaycan-ın həmsöhbəti Cənubi Qafqazda davamlı sülh və sabitliyin tərəfdarı olan Rusiyanın mühüm rolunu da qeyd edib.
"Azərbaycanı Naxçıvanla birləşdirəcək müəyyən yollar var. Zəngəzur dəhlizi zaman keçdikcə həm Azərbaycana, həm də Ermənistana əhəmiyyətli dividendlər gətirəcək böyük layihədir", - deyə Hüseynov fikrini yekunlaşdırıb.