CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evini sığortalamayanlar cərimələnəcək? İcraçı direktordan özəl açıqlama

Elmar Mirsalayev bildirib ki, daşınmaz əmlakın icbari sığortası növündən istifadə etməyən mülk sahibləri cərimələnə və məhrumiyyətlərlə üzləşə bilərlər.
Sputnik
BAKI, 24 may — Sputnik. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə sığorta şirkətlərindən mənzillərə bildirişlər göndərilir. Bildirilir ki, evini sığorta etdirməyən vətəndaşlar gələn aydan cərimələnəcək. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bu cür bildirişlər təkcə çıxarışlı mənzillərə gəlmir, həm də sənədsiz evlərə göndərilir.
Sənədsiz evlərə gələn bildirişlər
Bakının Binəqədi rayonu, Binəqədi qəsəbə sakini Xanım Həsənova Sputnik Azərbaycan-a deyib ki, onun evi neft ərazisində tikildiyindən nəinki evin, torpağın belə sənədi yoxdur. Amma belə bildirişlər bir müddət öncə onlara da gəlib.
"Darvazaya bildiriş qoymuşdular ki, evinizi sığortalamasınız cərimə ediləcəksiniz. Amma bizim evin heç bir sənədi yoxdur. Neft ərazisi olduğundan, gələcəkdə bu evlərin sökülüb-sökülməyəcəyi də hələ məlum deyil. Maraqlıdır ki, bizim evi hansı sənədlə sığorta edəcəklər? Əgər bilsək ki, sabah sökülsə kompensasiya verəcəklər, sığorta etdirərik. Amma buna da inanmırıq", - sakin deyib.
Bəs görəsən əmlakını icbari sığorta etdirməyən vətəndaşlar cərimələnə bilərmi? Evlərin icbari sığortası çıxarışsız mənzillərə də aid edilməlidirmi?
Sığorta şirkətləri 25 min manat sığorta vəd edir
Sputnik Azərbaycan bu suallara cavab tapmaq üçün əvvəlcə sığorta şirkətləri ilə əlaqə saxlayıb. "Ata Sığorta" şirkətindən Sputnik Azərbaycan-a bildiriblər ki, daşınmaz əmlakın sığortası icbaridir. Qanunla mənzilini icbari sığorta etdirməyən vətəndaşlar cərimələnməlidir:
"Amma biz bilmirik ki, bu ildən bu cərimə tətbiq ediləcək, yoxsa yox? Yaxşı olar ki, hər ehtimala mənzilinizi sığorta etdirəsiniz".
Sığorta şirkətindən onu da bildirdilər ki, mənzil Bakıdadırsa, 50 manat məbləğində bir illik sığorta haqqı ödənilməlidir. Vətəndaşlar bunu onlayn yolla da edə bilərlər. Daşınmaz əmlakı sığorta etdirmək üçün 2 sənəd - şəxsiyyət vəsiqəsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd ("kupça") tələb olunur. Sığorta olunan mənzili qonşunun məsuliyyətsizliyi nəticəsində su basarsa, fövqəladə təbii fəlakətin baş verməsi nəticəsində, eləcə də qaz partlayışı zamanı mənzilə ziyan dəyərsə evin sahibinə 25 min manat sığorta ödənişi edilir. Şirkətdən bu məbləğin mənzilin dəyərinə, təmirinə görə fərqlənmədiyini, sabit ödəniş məbləği olduğunu söylədilər.
"Əmlakını sığortalamayanların cərimələnməsi barədə bildirişlərin əsası yoxdur"
Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü İlkin Nəcəfov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mənzillərin icbari sığortası ilə bağlı xəbərdarlıqlar rəsmi deyil. Onun sözlərinə görə, daşınmaz əmlakın icbari sığortasına məsul olan, satılmasında maraqlı olan qurum illərdir fərqli platformalarda əhali təbəqəsi üçün mənzillərin icbari sığortasının kütləviliyini artırmağı təbliğ edir.
İ.Nəcəfov deyir ki, mənzilin icbari sığortasına görə, qanunvericilikdə cərimə mexanizmi nəzərdə tutulsa da, cərimənin icrası ilə bağlı protokolun forması yoxdur. Ona görə də, gələn aydan əmlakını sığortalamayanların cərimələnməsi barədə bildirişlərin əsası yoxdur.
Həmsöhbətimiz onu da əlavə edib ki, hazırda Bakı və Abşeronda, eləcə də rayonlarda çıxarışı olmayan yüz minlərlə ev var.
"Həmçinin yeni tikililərin bir qismində əmlakın hüququnu təsdiq edən sənəd yoxdur. MTK-ların payla bağlı payçılar arasında müqaviləsi isə əmlaka olan hüququ təsdiqləmir. Əgər əmlaka olan hüququ təsdiq edən sənəd yoxdursa, belə tipli sığorta müqavilələri imzalandığı andan sığorta marağı olmadığından etibarsız hesab edilir".
İ.Nəcəfov qeyd edib ki, hal-hazırda İcbari Sığorta Bürosu, Dövlət Əmlak Komitəsi və Mərkəzi Bank sığorta şərtləri ilə bağlı ciddi iş görür:
"Ayın sonuna kimi danışdığımız əmlakların da sığortası ilə bağlı bir kompromis həll üzərində çalışırlar. Amma hazırda bunun necə olacağı barədə ictimaiyyətə bir məlumat verilməyib".
Qanun var, mexanizmi yox!
İqtisadçı ekspert Samir Əliyev isə deyir ki, sığorta şirkətləri çalışırlar hər vəchlə vətəndaşları əmlaklarını sığorta etdirməyə cəlb etsinlər. Bunun üçün isə müxtəlif sözlər uydururlar.
S.Əliyev bundan əlavə əmlakın icbari sığortasının illər öncə qüvvəyə mindiyini amma tətbiq olunmadığını deyir:
"İcbari sığortalar haqqında" Qanun 2011-ci ildə qüvvəyə minib. Sığortanın ödənilməməsinə görə cərimə isə İnzibati Xətalar Məcəlləsinə 2015-ci ildən əlavə edilib. Amma bu günə qədər heç kəs əmlakını sığorta etdirmədiyinə görə cərimələnməyib. Çünki, bunun icra mexanizmi yoxdur".
Ekspert deyir ki, birdən-birə bu məsələnin yada düşməsində yeni qazanc mənbəyi əldə etməyə çalışan sığorta şirkətlərinin xidmətləri yüksəkdir:
"Yaşayış evlərinin icbari sığortası heç də bütün ölkələrdə tətbiq edilmir. Əksər ölkələrdə əmlakın sığortası könüllüdür. İkincisi, bu addım vətəndaşlarımızın Konstitusiya hüququna ziddir. Konstitutsiyanın 29.3-cü maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İndiki halda mülkiyyətçinin əvəzindən dövlət qərar verərək onu sığortaya məcbur edir".
S.Əliyevin sözlərinə görə, avtomobillərin icbari sığortası üçüncü şəxs qarşısında edilir, dövlət ehtiyacları məqsədilə mülkiyyətin məcburi alınması isə dövlət əhəmiyyətli tədbirlər hesab olunur. Mənzillərin icbari sığortası isə mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Bunun məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır.
"Üçüncüsü, cərimə mexanizmi işləməyəcək. Çünki yerli vergilərdə olduğu kimi cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur. Kommunal xidmətlər ödənilməyəndə onların verilməsi dayandırılır, dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır, avtomobillər icbari sığortalanmayanda sürücü avtomobili itirmək riski ilə üzləşir. Bəs, ev məsələsində necə olacaq? Ev mülkiyyətçinin əlindən alınacaq? Bu daha çox sosial məsələ olduğu üçün inanmıram cərimə məsələsində çox dərinə getsinlər".
Ekspert ona görə də hesab edir ki, hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir, könüllü sığortalanma mexanizminə keçməlidir. Sığorta siyasəti maarifləndirmə üzərində qurulmalıdır. Əks halda, sığorta məhsullarının icbari xarakter daşıması əhali üçün ən yaxşı halda işləməyəcək, ən pis halda isə sosial gərginlik yaradacaq.
"Proseslərdən məlumatsız insanlar nə edəcəklərini bilmirlər. Sığorta şirkətləri camaatı psixoloji təzyiq altında saxlayırlar. Ona görə də Mərkəzi Bank bu məsələyə təcili müdaxilə etməlidir. Çünki, sığorta şirkətlərinin fəaliyyəti artıq bu quruma tapşırılıb. Əmlakın sığortasının icbariliyi aradan qaldırılmalıdır", - S.Əliyev vurğulayıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev Sputnik Azərbaycan-a eksklüziv açıqlamasında bildirib ki, daşınmaz əmlakın icbari sığortası ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün məcburidir. Onun sözlərinə görə, bu icbari sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Daşınmaz əmlakların icbari sığortası üzrə elektron sistem yaradılır
"Qanundan irəli gələn qaydalara əsasən, bu növ üzrə sığortalanma prosesini icbari sığorta satışı lisenziyasına malik qeyri-həyat sığortası şirkətləri həyata keçirir, habelə yaşayış əmlaklarına nəzarət İcra Hakimiyyəti orqanları, qeyri-yaşayış əmlaklarına nəzarət isə Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılır. Hazırda Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə daşınmaz əmlakların icbari sığortası üzrə elektron sistemin yaradılması üzərində iş aparılır. Bu sistem ölkəmizdə mövcud olan və sığortalanmamış daşınmaz əmlakların sığortaya cəlb olunmasını təmin edə biləcək", - o, deyib.
Azərbaycan Sığortaçılar Assosiasiyası səlahiyyətlisi qeyd edib ki, hazırda ölkə vətəndaşlarının icbari əmlak sığortasına olan yanaşması onları tam qane etmir. Çünki statistikaya görə, hazırda respublika ərazisindəki yaşayış əmlaklarının 90%-i, qeyri-yaşayış obyektlərinin isə 70%-i icbari qaydada sığorta edilməyib:
"Söhbət sənədli (çıxarışı olan) əmlaklardan gedir. Bu da onu göstərir ki, bu sığorta növü üzrə bazar potensialı böyükdür və sistemli tədbirlər nəticəsində daşınmaz əmlakın icbari sığorta növü üzrə penetrasiya ən az 2-3 dəfə artırıla bilər. Çıxarışsız əmlaklar da qanunvericiliyə əsasən sənədləşdirildikdən sonra qurulmaqda olan elektron sistem vasitəsilə avtomatik olaraq sığortaya cəlb olunacaqlar və yalnız bundan sonra sığortalanmadıqları halda cərimələnəcəklər".
Əmlakını sığortalamayan mülk sahiblərini nə gözləyir?
E.Mirsalayev bildirib ki, daşınmaz əmlakın icbari sığortası növündən istifadə etməyən mülk sahibləri aşağıda qeyd olunan formada cərimələnə və məhrumiyyətlərlə də üzləşə biləcəklər:
"Daşınmaz əmlakların satınalması və girov əməliyyatları zamanı bu sığorta növü aidiyyəti qurumlar tərəfindən mütləq tələb olunur. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində, daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə müəyyən edilib. Şəxs, bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır".
Sığorta haqları nə qədərdir?
Məlumat üçün bildirək ki, yaşayış obyektlərinin icbari əmlak sığortası üzrə tarif və təminat məbləğləri regionlara görə dəyişir. Belə ki, Bakı şəhərində yerləşən yaşayış obyektlərinin icbari sığortası üzrə tarif 50 manat, sığorta təminatı 25 min manata qədər, Gəncə, Sumqayıt və Naxçıvanda sığorta tarifi 40 manat, sığorta təminatı 20 min manata qədər, digər şəhər və rayonlarda yerləşən yaşayış obyektləri üçün sığorta tarifi 30 manat, sığorta təminatı isə 25 min manata qədər müəyyən olunub. Qeyri-yaşayış obyektlərində isə sığorta tarifləri həmin əmlakın yerləşdiyi yerə, təyinatına, həcminə görə müəyyən edilir.
Xatırladaq ki, 2020-ci ildə də Bakıda sığorta şirkətləri vətəndaşlara belə bildirişlər göndərirdi. Pandemiyadan sonra bu məsələ yaddan çıxdı. İndi sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortası ilə bağlı yenidən aktivləşiblər.
Onu da bildirək ki, "İcbari sığortalar haqqında" qanuna görə, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də , tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.