Dörd gün bunkerdə: Azərbaycanda qəbul imtahanları üçün sualların hazırlandığı yer
Dövlət İmtahan Mərkəzi Azərbaycanda ən vacib imtahanlar öncəsi məlumat sızmasının qarşısını almaq üçün bütöv bir məxfi kod sistemi hazırlayıb və xarici aləmdən tamamilə təcrid olunmuş bir otağı təchiz edib.
SputnikBAKI, 24 may — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanları başlamazdan əvvəl ifrat məxfilik rejiminə keçib. İmtahanlar ərəfəsində test tapşırıqlarının yekun imtahanında iştirak edən mütəxəssislər bunkerə yerləşdirilir.
Qeyd edək ki, III və II ixtisas qrupları üzrə ilk imtahanlar müvafiq olaraq mayın 20 və 21-də keçirilib. DİM ekspertlərindən Fuad Ağayev imtahanlarda abituriyentlərin cavab verəcəyi test tapşırıqlarının mütəxəssislər tərəfindən yekun ekspertizasının aparıldığı bunkerdə həyatın və işin sirlərini açıqlayıb.
Bağlı qapı arxasındakı həyat
"Bunker qapalı və tamamilə təcrid olunmuş otaqdır. Mütəxəssislər imtahanlar başlamazdan üç-dörd gün əvvəldən imtahanlar bitənə qədər orada qalırlar. Orada qapını onların üzünə kilidləyirlər və bu mütəssislər bağlı qapılar arxasında imtahana düşəcək sualları yoxlayırlar. Sualların özləri əvvəlcədən tərtib edilir", - deyə Ağayev bildirib.
O bildirib ki, suallar əvvəlcədən test tapşırıqları bankına təqdim olunur. DİM üçün testlər hər il məktəb müəllimləri, ali təhsil müəssisələrinin müəllimləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən hazırlanır.
Sualları qəbul edərkən ilkin ekspertiza aparılır: yoxlamanı testlərin hazırlanması ilə əlaqəli olmayan müəllimlər həyata keçirirlər. Ekspert qeyd edib ki, daha sonra bunkerdə yekun yoxlama aparılır.
O, bunkerə ilk dəfə 1997-ci ildə girdiyini bildirib.
"Müəllimlər təcrid olunmuş otaqda onları gözləyən iş haqqında, təxminən bir sutka əvvəl məlumat alırlar. Oraya heç bir elektron cihaz aparmaq olmaz. Lazım olan hər şey, o cümlədən qələm və kağızlar yerindəcə verilir. Şəxsi əşyalardan dəyişmək üçün nəzərdə tutulan geyimin və şəxsi gigiyena vasitələrinin gətirilməsinə icazə verilir", - deyə Ağayev bildirib.
Mütəxəssis onu da bildirib ki, bunkerin qapıları bayırdan qıfıllanır. Bu obyekt ciddi mühafizə olunur. Heç kim vaxtından əvvəl oradan çıxa bilməz. Möhürlənmiş pəncərələrdə tutacaqlar yoxdur və xüsusi sensorlar quraşdırılıb.
Ağayev bunkerdə görülən işlərin təfərrüatlarından da danışıb.
"Hər bir fənn üzrə ekspertlər arasından Azərbaycan və Rusiya sektorları üçün iki mütəxəssis seçilir. Onlardan təsadüfi rəqəmlərin adını çəkmələri xahiş olunur. Bu rəqəmlərin əsasında kompüter təsadüfi olaraq tapşırıqları seçir və yoxlama variantlarını verir. Suallar DİM-in mövcud olduğu bütün dövr ərzində toplanmış 30 - 40 min testin içindən seçilir", - deyə o bildirib.
Ekspert qeyd edib ki, hazırda abituriyentlər imtahanlarda ayrı-ayrı otururlar, ona görə də onlara test tapşırıqlarının əvvəllər olduğu kimi bir neçə yox, yalnız bir variantına cavab vermək təklif olunur.
"Bunkerdə biz suallara baxırıq. Aydındır ki, tapşırıqlar artıq yoxlanılıb və test bankına daxil edilib, lakin ekspertlər birdən kiminsə gözündən nə isə qaça bilər deyə onları yenidən yoxlayırlar ", - deyə Ağayev bildirib.
Onun sözlərinə görə, bu, imtahan öncəsi sonuncu yoxlamadır və həmin yoxlama zamanı sualların nə qədər əsaslı olduğu öyrənilir. Amma ekspertlərin onları dəyişdirmək hüququ yoxdur.
"Mütəxəssislər qeydlər apararaq işləyirlər. Bu, bir neçə gündür belə davam edir. Onlar bunu gec saatlara qədər edirlər, çünki abituriyentlərin taleyi üçün böyük məsuliyyət daşıyırlar. Səhvlərə yol vermək olmaz. İmtahanlardan bir gün əvvəl sualları geri qaytarırlar, həmçinin cavablar üçün də izahat yazırlar", - deyə "Sputnik Azərbaycan"ın həmsöhbəti bildirib.
O, qeyd edib ki, imtahandan bir gecə əvvəl DİM artıq yoxlanılmış test tapşırıqlarını böyük tirajla çap edir, sonra onları imtahan yerlərinə göndərir.
Bütün bu müddət ərzində test tapşırıqları ilə məşğul olan şəxslər bunkerdə qalmaqda davam edirlər.
"Sınaq günü respublikanın müxtəlif bölgələrində minlərlə abituriyent auditoriyalara buraxılır. Günortaya kimi imtahanlar başa çatır və yalnız saat 14:00-da bütün ekspertlər bunkerdən buraxılırlar. İmtahanlar bitənə qədər həm ekspertlər, həm də DİM əməkdaşları təcrid olunurlar. Onların heç biri xəstəlik və ya digər fövqəladə hallarda belə bunkerdən çıxa bilmir. İçəridə həkim yoxdur, amma ilkin tibbi yardım çantası var. Beləliklə,bunkerdən informasiya sızması ehtimalı sıfırdır", - deyə Ağayev bildirib.
"Amma bununla da iş bitmir", - deyə o, qeyd edib.
DİM bunkerə "qara ekspert" adlanan yeni mütəxəssisləri dəvət edir. Onlar test tapşırıqlarını yoxlayır və onların cavab şablonlarını yaradırlar.
"Təbii ki, əgər testlər düzgündürsə, onların cavabları əvvəlki ekspertlərin cavabları ilə üst-üstə düşməlidir", - deyə Ağayev bildirib.
Sualların keyfiyyəti ilə bağlı şayiələr
"Sputnik Azərbaycan"ın həmsöhbəti qeyd edib ki, bəzi hallarda imtahan zamanı istifadə olunan sualların proqrama heç bir aidiyyəti olmadığı barədə fikirlər var, amma bu, belə deyil.
"Tam məsuliyyətlə bildirirəm ki, test tapşırıqları tərtib edilərkən məktəb dərsliklərində öz əksini tapmış suallardan istifadə olunur. Əgər abituriyent belə bir mövzunun ona məktəbdə tədris olunmadığını hesab edirə, apellyasiya şikayəti verə bilər. Ona verilən suala hansı sinif üçün hansı dərsliyin hansı səhifəsində cavab tapa biləcəyi izah ediləcək", - deyə Ağayev bildirib.
Abituriyentlər daha çox mütaliə edən olublar
Hər il abituriyentlərin test tapşırıqlarına verdiyi cavabları yoxlayan ekspert belə qənaətə gəlib ki, ali məktəblərə qəbul olan abituriyentlər daha çox mütaliə edir və qəbul imtahanlarına daha yaxşı hazırlaşırlar.
Ağayevin sözlərinə görə, son illər abituriyentlər daha da çalışqan olublar və anlamağa başlayıblar ki, ali məktəbə qəbul yalnız onların özlərindən asılıdır.
Test tapşırıqlarına düzgün cavabın sirri
"Sputnik Azərbaycan"ın həmsöhbəti test tapşırıqlarına necə düzgün cavab vermək barədə də danışıb.
"Sınaq tapşırığının necə tərtib olunduğunu və ona necə cavab verilməsini bilirəm. Testlər bütöv bir elmdir. Təklif olunan variantlar arasında dərhal düzgün cavab axtarmağa başlamaq lazım deyil. Verilən suala baxıb düzgün cavab verməyə çalışmalıyıq. Əgər belə bir cavab variantların içərisindədirsə, onda düzgündür. Əgər deyilsə, deməli, məsələni başa düşmədiniz. Onu bir daha oxumağa çalışın", - deyə DİM-in eksperti sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.