BAKI, 24 may — Sputnik. "Hesablama Palatası büdcə oğurluğunun qarşısını qismən alır, bəzi vəsaitlər geri qaytarılır. Aktiv oğrular var ki, Palata onlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edir, amma bunun nəticəsi ictimaiyyətə təqdim edilmir".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.
Deputat bildirib ki, biz büdcəyə qəpik-qəpik pul yığırıq, bəzi işbazlar isə onu mənimsəyir:
"Mən çox xahiş edirəm, hüquq-mühafizə orqanlarına göndərilən məsələlərin aqibəti barədə məlumat verilsin".
İclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deputata cavabında deyib ki, ötən il nəzarət orqanlarının, o cümlədən hüquq-mühafizə orqanlarının dövlət büdcəsinə bərpa etdirdiyi məbləğ hesabatlarda göstərilir.
Palata sədri bildirib ki, hüquq-mühafizə orqanlarında müsadirə edilən əmlaklarla bağlı da məlumatlar var.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla tərtib olunub.
Rəydə deyilir ki, 2022-ci il dövlət büdcəsində icra edilmiş xərclər əvvəlki ilə nisbətən artmış, bu, əsasən sosialyönlü xərclərin, işğaldan azad olmuş ərazilərin yenidən qurulması və bərpası üçün, eləcə də ölkənin müdafiə potensialının gücləndirilməsiməqsədilə müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılan vəsaitin artımı ilə əlaqəli olub.
İl ərzində qanunvericiliyə istinad edilməklə xərclər üzrə aparılmış dəyişikliklər ötən illə müqayisədə artıb, bu dəyişikliklər büdcənin icra vəziyyətinə təsir göstərib.
Hesablama Palatası tərəfindən qurumların təqdim etdikləri məlumatlar əsasında dövlət büdcəsi xərclərinin əhəmiyyətli hissəsinin üzləşdirilməsi həyata keçirilib, əhəmiyyətli kənarlaşmalar aşkar olunmayıb.
Bəzi istiqamətlər üzrə xərclərin uçotu və hesabatlılığı vahid büdcə təsnifatının tələblərinə uyğun şəkildə aparılmayıb, bəzi istiqamətlər üzrə büdcə parametrlərinin tanınması ilə bağlı qeyri-müəyyənliklər yaranıb.
Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.