BAKI, 24 may — Sputnik. Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Xalq artisti Fuad Poladovun doğum günüdür.
"Mənim təbiətim gəncliyimdən belə formalaşıb: desəm öldürərlər, deməsəm ölləm. Çoxlu ölüm hadisələri olur, bilirsiniz niyə? Deyə bilmədiklərinə görə ölürlər. Onsuz da ölürsən, elə deyib ölmək daha yaxşı deyilmi? Deni Didronun bir sözü var, deyir biri var, böyrək daşından, öd çatışmazlığından, lap elə ürək çatışmazlığından öləsən, bir də var, ideya uğrunda öləsən. Öləndə də biləsən nəyə görə ölürsən" deyən teatr və kino aktyoru, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Xalq artisti Fuad Poladovun dünyaya göz açdığı gündür, yaşasaydı 75 yaşını qeyd edəcəkdi.
Görkəmli aktyor 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb.
1969-1989-cu illərdə Akademik Milli Dram Teatrının səhnəsində hazırlanan - Ferdinand - "Məkr və məhəbbət, Fərhad - "Məhəbbət əfsanəsi", Nizami - "Qılınc və qələm", Baron - "Həyatın dibində",Rauf - "Kərgədan buynuzu", Mirzə Səfi – "Mirzə Şəfi", Zaur -"Təhminə və Zaur", Şah Qacar - "Şah Qacar" bə s. tamaşalarda müxtəlif xarakterləri oynayıb.
1989-cu ildən isə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Və bu dəyişiklik, aktyorun özünün dediyi kimi, axtarışla bağlı olub: "Dayanmaq sənət adamı üçün durğunluqdur. Hiss edəndə ki, burada baş verənlər səni qane etmir və başa düşürsən ki, nə isə yeni bir şey axtarmaq lazımdır. Mən də həmişə axtarışlara üstünlük vermişəm və tapmışam. Məsələn, əgər ancaq "Azdrama"da qalsaydım, heç vaxt Çexovu və ya bir çox dünya dramaturgiyasından olan müəllifləri oynaya bilməzdim".
Teatr səhnəsində Sezar, Əmir Teymur, Napoleon, Qacar, Timon, bir sözlə, onlarla tarixi qəhrəmanı oynayan aktyor üçün Napoleonu oynamaq, onun dövrünə qəhrəmanı ilə birgə səyahət etmək daha maraqlı görünüb: "Napoleonun həyata baxışı, dövrü, siyasəti, başqalarından fərqli davranışları olduqca maraqlıdır. Makiavelli hakimiyyəti, siyasəti ən yaxşı bilən yazarlardan biri idi. Napoleon isə deyirdi ki, Makiavellinin siyasətdən xəbəri yoxdur. Napoleonun dövrü və həyatı mənə daha cəzbedici gəlir".
Aktyorun teatrdakı fəaliyyəti, teatrda qazandığı uğurlar onun həyatının ən önəmli mərhələsini təşkil edir. Ancaq kino da onun dünyasında fərqli yeri tutub.
1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə kinoda ilk addımlarını atıb. Yazıçı Cəmşid Əmirovun "Sahil əməliyyatı" povestinin motivləri əsasında lentə alınan filmə rejissor Əlisəttar Atakişiyev quruluş verib. Filmdə təhlükəsizlik orqanları tərəfindən xarici kəşfiyyatın apardığı əməliyyatın açılmasından bəhs olunur.
Fuad Poladov deyirdi ki, kino ilə müqayisədə teatr mənim üçün daha doğmadır: "Əgər seçim qarşısında qalsam ki, teatrda da, kinoda da ürəyim istəyən rolu oynayım, mən teatrı seçərdim. Mən səhnəni, səhnədə gedən prosesi çox sevirəm. Kino bir qədər texniki, mexaniki işdir. Düzdür, böyük aktyor orda da böyük aktyordur, burda da. Teatrda ən incə detal belə tamaşaçının gözü qarşısında baş verir"…
"Ən vacib müsahibə"(1971), "Ad gün"(1977), "Qaynana"(1978), "İşarəni dənizdən gözləyin"(1986), "İmtahan"(1987), "Köpək"(1994), "Beşmərtəbəli evin altıncı mərtəbəsi"(1996), "Ailə"(1998), "Güllələnmə təxirə salınır"(2002), "Ovsunçu"(2002), "Arxada qalmış gələcək"(2004), "Küçələrə su səpmişəm"(2004), "Əlvida, cənub şəhəri"(2006), "Aktrisa", (2011), "Dolu"(2012), "Axırıncı dayanacaq"(2014), və s. kimi 40-dan artıq filmlərdə bir-birindən fərqli obrazlara həyat verən F.Poladovun adı kino tarixinə lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri kimi, eyni zamanda fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı kimi yazıldı.
Bəlkə də onun kino yaradıcılığı tam olaraq açılmadı, kinorejissorlar onun aktyorluq imkanlarından tam olaraq isatifadə edə bilmədilər, ancaq aktyor çalışdığı teatrlarda oynadığı rollarla tam şəkildə sözünü deyə bildi.
Ömrünün əsas hissəsini SSRİ dövründə, digər hissəsinin isə müstəqillik illərində keçirən aktyor, heç birində rahatlıq tapmadığını, ümumiyyətlə isə rahatlıq axtarmadığını, həmişə problem axtardığını, "Mən narahat olanda rahat oluram, narahatamsa deməli, mən yaşayıram" deyirdi.
Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş və 4 may 2018-ci ildə vəfat edib. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.