BAKI, 24 may — Sputnik. Azərbaycandan Macarıstana 100 milyon kubmetr qaz 2023-cü ilin sonuna kimi çatdırılmalıdır, daha sonra uzunmüddətli razılaşmaya əsasən, tədarükün həcmi milyardlarla kubmetrə qədər artacaq. Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Moldovanın baş naziri Dorinlə keçirdiyi mətbuat konfransında bildirib.
"Azərbaycanla siyasi razılaşma nəticəsində ticarət danışıqlarımız uğura gətirib çıxardı. Bu il Azərbaycandan Macarıstana təbii qazın nəqlinə başlanılacaq. Bu il 100 milyon kubmetr qaz gələcək. Bu, Azərbaycan üçün çox deyil. Bu, Azərbaycanla bir neçə milyard kubmetr qaz üçün uzunmüddətli müqavilənin bağlanması yolunda ilk addımdır", - Siyarto bildirib.
Xatırladaq ki, daha əvvəl Peter Siyarto ölkəsinin Serbiya və Bolqarıstan arasında interkonnektor tamamlandıqdan sonra bu boru kəməri vasitəsilə Azərbaycandan əlavə həcmdə qaz əldə etməkdə maraqlı olduğunu bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.