RUSİYA

ABŞ-ın hərbi bioloji fəaliyyəti beynəlxalq təhlükəsizliyi təhdid edir - Qavrilov

Sputnik
BAKI, 24 may — Sputnik. ABŞ-ın hərbi bioloji fəaliyyəti beynəlxalq təhlükəsizlik üçün risklər yaradır və bu faktlar müstəqil beynəlxalq araşdırma tələb edir. Bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.
Onun sözlərinə görə, Çin Pentaqonun "yalnız müəyyən irqlər üçün nəzərdə tutulmuş bioloji silahlar" hazırladığına dair məlumatlara malikdir.
O, əlavə edib ki, bunu Rusiya Müdafiə Nazirliyinə daxil olan məlumatlar təsdiq edir. Məlumatlara əsasən, Ukrayna ərazisindəki 50-dən çox laboratoriya ABŞ tərəfindən müəyyən insan genotiplərini yoluxdura bilən patogenləri toplamaq və öyrənmək üçün istifadə edilib.

"Bütün bunlar ABŞ-ın beynəlxalq təhlükəsizliyə təhlükə yaradan hərbi bioloji fəaliyyəti ilə bağlı faktların müstəqil beynəlxalq təhqiqatın aparılmasının zəruriliyini təsdiqləyir", - deyə diplomat ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun plenar iclasında bildirib.

Qavrilov qeyd edib ki, Rusiya ilk növbədə qonşu dövlətlərin ərazilərində bioloji və kimyəvi silahların hazırlanması, yerləşdirilməsi və istifadəsi ilə bağlı iddiaların araşdırılmasına nail olmaq, həmçinin "Bioloji və Kimyəvi Silahların qadağan edilməsi haqqında" Konvensiya rejiminin gücləndirilməsinə yönəlmiş səylərə töhfə vermək niyyətindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.